Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Türk dünyasının böyük oğlu, görkəmli alim, səhiyyə və təhsil qurucusu, AMEA-nın fəxri üzvü, professor İhsan Doğramacının anadan olmasının 110 illiyinə həsr edilmiş konfrans keçirilib.
×
Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Türk dünyasının böyük oğlu, görkəmli alim, səhiyyə və təhsil qurucusu, AMEA-nın fəxri üzvü, professor İhsan Doğramacının anadan olmasının 110 illiyinə həsr edilmiş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli professor İhsan Doğramacının Türkiyənin və Türk dünyasının görkəmli siması, eləcə də Türk dünyasının son 100 ildə yetişdirdiyi beş ən önəmli və əfsanəvi şəxsiyyətindən biri olduğunu söyləyib. Qeyd edib ki, professor İhsan Doğramacının həyatı, Türkiyədə və Türk dünyasında səhiyyənin, təhsilin inkişafına verdiyi töhfələr bu gün də qürurla dilə gətirilir. Professor İhsan Doğramacının Türkiyədə təhsilin inkişafı sahəsində xidmətlərinə toxunan akademik İsa Həbibbəyli alimin təşəbbüsü ilə bu gün qardaş ölkənin və dünyanın aparıcı ali təhsil müəssisələrindən olan Bilkənd və Hacettepe universitetlərinin qurulduğunu, eləcə də Ali Təhsil Qurumunun (YÖK) yaradıldığını, uzun illər Dünya Səhiyyə Təşkilatında Türkiyəni təmsil etdiyini və təşkilatın nizamnaməsinə imzasını atan şəxslərdən biri olduğunu deyib.
Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün professor İhsan Doğramacının həyat və fəaliyyəti barədə iştirakçılara məlumat verib.
Professor İhsan Doğramacının həyatının Azərbaycanla sıx bağlı olduğunu deyən səfir Birol Akgün alimlə Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Moskvada başlayan dostluq münasibətlərinin ömürlərinin sonuna kimi davam etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanda səhiyyənin, təhsilin inkişafına verdiyi xidmətlər onun “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif edilməsilə nəticələnib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov çıxışında professor İhsan Doğramacı ilə ilk tanışlığından, onun Bakıya səfərlərindən və Ulu Öndər Heydər Əliyevlə olan sıx dostluq, qardaşlıq münasibətlərindən danışıb. Böyük müəllimi İhsan Doğramacı ilə ilk tanışlığının Moskvada 1980-ci illərin əvvəlində Dünya pediatrlarının tədbirində baş tutduğunu söyləyən akademik Əhliman Əmiraslanov onu Bakıya bütün səfərlərində müşayiət etdiyini vurğulayıb. Qeyd edib ki, 1992-ci ildə Bakıya səfəri zamanı professor İhsan Doğramacının təşəbbüsü ilə Azərbaycan Tibb Universitetinin 10 tələbəsi Bilkənd Universitetinə göndərilib və həmin şəxslər sonralar ölkəmizdə səhiyyənin inkişafına mühüm töhfələr veriblər.
Tədbirdə Xalq rəssamı akademik Ömər Eldarov Ümummilli Liderin təşəbbüsü ilə hazırlanmış və Bilkənd Universitetində ucaldılmış professor İhsan Doğramacının heykəlinin necə ərsəyə gəlməsindən danışıb.