İyulun 16-da Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunan “Zəfər yolunun təməli” adlı lektoriya keçirilib.
×
İyulun 16-da Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunan “Zəfər yolunun təməli” adlı lektoriya keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin MEK-in foyesindəki büstü önünə tər gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. O, Ulu Öndərin 1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər seçilməsini ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi dəyərləndirib. Qeyd edib ki, dövlət müstəqilliyimizin möhkəm təməlləri, etibarlı bünövrəsi Ulu Öndər tərəfindən qoyulub, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan öz inkişafının ən yüksək mərhələsinə qalxıb.
Ulu Öndər Heydər Əliyevin bütün ömrünü Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının inkişafına sərf etdiyini vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, dahi liderin bütün fəaliyyəti ərzində elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı ən prioritet sahələrdən olub. Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkədə bu sahələr intibah dövrünü yaşayıb, alim və ziyalılar, mədəniyyət və incəsənət adamları hərtərəfli qayğı ilə əhatə olunublar. Bu siyasət müstəqillik illərində də davam etdirilib.
AMEA rəhbəri qeyd edib ki, Azərbaycan elminə böyük həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev Akademiyanın inkişaf etməsinə qayğısını heç zaman əsirgəməyib. Dahi şəxsiyyət Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, bu elm ocağının dünya miqyasında tanınmasına nail olub, elmin sürətli inkişafı üçün mühüm qərarlar verib.
Akademik İsa Həbibbəyli sovet hakimiyyəti illərində, 1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 30 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının Heydər Əliyev epoxasının elmə və Akademiyaya yüksək münasibətinin əyani təzahürü olduğunu vurğulayıb. O, həmçinin Ulu Öndərin yüksək diqqəti və qayğısı ilə Azərbaycan Elmlər Akademiyasının dövrün ən yüksək mükafatlarından olan "Xalqlar dostluğu" ordeni ilə təltif olunmasını elm tariximizin parlaq hadisələrindən biri kimi yüksək qiymətləndirib.