×
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransın açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, ASAPES-in akt zalında təşkil olunan tədbirdə Avropanın aparıcı milli antidopinq agentliklərinin rəhbər və əməkdaşları, nüfuzlu ali təhsil ocaqlarının professorları və yerli idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov bu cür konfransların davamlı olacağını bildirib. O, federasiyalarla birlikdə idmanı təbliğ etmək üçün layihələr həyata keçirdiklərini deyib. Nazir əlavə edib ki, bu layihədə ulduz idmançıların da olması böyük önəm kəsb edir. O, idmançılara qadağan olunmuş dərmanlardan istifadə etməməyi tövsiyə edib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev dopinqlə mübarizədə əllərindən gələni edəcəklərini diqqətə çatdırıb. O deyib ki, əsas məqsədləri gənclər arasında təmiz idmanı təbliğ etməkdir. Rektorun sözlərinə görə, hər il 90-a yaxın magistr tələbəsi Azərbaycan idmanı üçün yetişir.
AMADA-nın icraçı direktoru Təhminə Tağızadə konfransın təşkilində əməyi olan hər kəsə təşəkkür edib: "Bu gün məsuliyyətli müzakirələr keçirəcəyik. Buraya dopinqə qarşı mübarizədə əlimizdən gələni etmək üçün toplaşmışıq. İdmançılar üçün ədalətli şərait yarada bilərik".
Qazandığı uğurlardan danışan AMADA Məsləhətçi Komissiyasının sədri, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev idmançılara heç vaxt ruhdan düşməməyi tövsiyə edib. O, Qarabağda qazanılan Zəfərin idmançıları daha da ruhlandırdığını söyləyib.
Konfransda təmiz idmanın təkmilləşdirilməsi, müxtəlif yanaşmalar, Ümumdünya Antidopinq Agentliyinin (WADA) təlimatları çərçivəsində idmançıların tənəffüs sistemi sağlamlığının idarə edilməsi, bağırsaq sağlamlığı və idman performansı mövzusunda müzakirələr aparılıb.
Qeyd edək ki, fevralın 23-də konfrans işini Qubada davam etdirəcək. Beynəlxalq səviyyəli idmançıların iştirak edəcəyi tədbirin sessiyalarında təmiz idman mədəniyyətinin inkişafı, qadın idmançılar arasında dopinq probleminə baxış və yerli idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi müzakirə mövzuları sırasında yer alacaq.
Qeyd edək ki, konfrans Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.