×
Aprelin 28-də Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmar Qasımov Azərbaycan oftalmologiyasının inkişafının məhz akademik Zərifə Əliyevanın adı ilə bağlı olduğunu, onun həyat yolu, elmi istiqamətləri, pasiyentlərə, gənc həkimlərə davranışının hər kəs üçün örnək olduğunu bildirib.
“Görkəmli oftalmoloq-alim Azərbaycan oftalmologiyasını inkişaf etdirib və bütün dünyaya tanıtdırıb. Belə ki, Zərifə Əliyeva Sovet İttifaqında yeganə olaraq Azərbaycanda Eksperimental Klinik Laboratoriyanın təşkilinə nail olub. Onun ən böyük arzusu Milli Oftalmologiya Mərkəzinin tikintisi ilə bağlı idi. Akademikin həmin arzusu həyata keçib və 12 il olacaq ki, mərkəz fəaliyyət göstərir", - deyə Elmar Qasımov diqqətə çatdırıb.
Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edən Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Hicran Namazova akademikin vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifi olduğunu vurğulayıb.
H.Namazova görkəmli alimin “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyalarının çap edildiyini bildirib: "Ümumiyyətlə Zərifə xanımını 200-qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi vardı. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük əmək sərf edib”.
Konfransa onlayn qoşulan Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri Sunay Duman "Akademik Zərifə Əliyevanın işıqlı yolunda dünəndən bu günə və sabaha" mövzusunda məruzə söyləyib. O, akademikin işinə sevgi ilə yanaşmasından, ölkəsində oftalmologiyanın inkişafı üçün gördüyü işlərdən söz açıb, Azərbaycan oftalmologiyasının bugünkü inkişafı naminə göstərdiyi müstəsna xidmətlərə görə ona böyük heyranlıq duyduğunu bildirib.