Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan İntibah dövrü ədəbiyyatının ilk qüdrətli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Sözün Xaqanı” adlı ədəbi-musiqili tədbir keçirilib.
×

AZƏRTAC xəbər verir ki, tədbiri açan muzeyin direktoru akademik Rafael Hüseynov Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında” 2026-cı il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə görkəmli şairin yubileyinin geniş şəkildə qeyd edildiyini bildirib. Vurğulayıb ki, bu Sərəncam Xaqani Şirvani irsinin milli-mədəni yaddaşımızdakı yerini bir daha təsdiq etməklə yanaşı, onun daha geniş miqyasda öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyət kəsb edir. Akademik Rafael Hüseynov Sərəncama əsasən, Ədəbiyyat Muzeyində də Xaqani Şirvaninin 900 illiyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Muzeyin direktoru poeziyamızın klassiki, böyük mütəfəkkir Xaqani Şirvaninin həyatı və zəngin ədəbi irsi barədə məlumat verərək bildirib ki, görkəmli şair Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən qiymətli söz ustadlarındandır.