Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü və Beynəlxalq Ədalətli İdman Günü münasibətilə Bakı Avropa Liseyində tədbir keçirib.
×
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) İnkişaf və Sülh naminə Beynəlxalq İdman Günü və Beynəlxalq Ədalətli İdman Günü münasibətilə Bakı Avropa Liseyində tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, “İdman və sülh” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov, “Sabah”ın idman direktoru, Olimpiya çempionu İqor Ponomaryov, gənc şahmatçılar arasında dünya çempionu Zeynəb Məmmədyarova, “İdman TV”nin rəhbəri Rövşən Binnətli, idman ictimaiyyətinin nümayəndələri, liseyin müəllim və şagirdləri iştirak ediblər.
Qonaqlar əvvəlcə liseyin futbol meydançası, idman zalları ilə tanış olub, müxtəlif idman növləri üzrə məşqləri izləyiblər.
Tədbirin rəsmi hissəsində AİJA-nın prezidenti Eldar İsmayılov, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova və digərləri çıxış edərək ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, Azərbaycanda idmana qayğı və diqqət respublikanın müstəqilliyinin bərpasının ilk illərində - 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlanıb. Digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Vurğulanıb ki, qısa zamanda həyata keçirilən məqsədyönlü tədbirlər və düşünülmüş addımlar, dövlətin idmana və idmançılarımıza maddi və mənəvi dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları artmağa başlayıb. Nəticədə bu gün Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Daha sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Q.Qurbanova AİJA-nın təsis etdiyi “Faır-play” mükafatı təqdim edilib.
Tədbirdə, həmçinin Bakı Avropa Liseyinin futbol, basketbol, atletika, voleybol komandalarının üzvlərinə, şahmatçılara və yeniyetmə rəssamlara şəhadətnamələr təqdim olunub.