“İclasda əvvəlcə De Byazinin hesabatı dinlənildi, sonra isə gələcək taleyi ilə bağlı müzakirə aparıldı”.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin fövqəladə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
×
“İclasda əvvəlcə De Byazinin hesabatı dinlənildi, sonra isə gələcək taleyi ilə bağlı müzakirə aparıldı”.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin fövqəladə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Funksioner bildirib ki, baş məşqçi nəticələr barədə məlumat verdikdən sonra Azərbaycan millisində fəaliyyətini dayandırmaq istədiyini söyləyib: “Müqaviləsinin uzadılmamasını xahiş etdi. Bundan sonra isə müzakirələr başladı. İtaliyalı mütəxəssisin yığmadakı 3 illik fəaliyyəti dövründə əldə olunan nəticələr də nəzərə alınaraq, onun müqavilənin uzadılmaması ilə bağlı istəyi qəbul olundu”.
S. Hacıyev “De Byazi özü istəməsəydi, onunla müqavilənin müddəti uzadılacaqdı” sualına belə cavab verib: “Əslində bu sualı cavablandırmaq çətindir. Çünki belədə hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi. Prosedur var, ilk növbədə baş məşqçinin hesabatı dinlənilməlidir. Bu zaman özü tərəfindən belə xahiş oldu. De Byazinin istəyinə baxmayaraq, iclasda müzakirələr oldu və İcraiyyə Komitəsi də belə qənaətə gəldi ki, müqavilənin yenilənməməsi ən düzgün qərardır”.
Baş katibin sözlərinə görə, AFFA-da baş məşqçi vəzifəsi ilə bağlı xüsusi işçi qrupu yaradılacaq: “Qrupun həm İcraiyyə Komitəsindən, həm də kənardan üzvləri olacaq. Onlar tərəfindən baş məşqçi postuna namizədlərlə bağlı təkliflər veriləcək. Hər şey detallı şəkildə analiz olunduqdan sonra İcraiyyə Komitəsinin iclasında müzakirə olunacaq. İşçi qrupunun üzvləri ilə bağlı hazırda məlumat verə bilmirik. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə açıqlama veriləcək”.
AFFA rəsmisi iclasda müxtəlif fikirlər səsləndirildiyini vurğulayıb: “Yerli məşqçi məsələsi ilə bağlı müzakirələr də aparıldı. Millimizin növbəti oyunu gələn ilin martında olacaq. Yeni baş məşqçinin həmin matçdan bir neçə ay öncə müəyyənləşməsi daha məqsədəuyğun olar. Son tarix üçün konkret müddət təyin olunmayıb. Düşünürəm ki, yaxın 1-2 ay ərzində məsələ öz həllini tapa bilər”.
S. Hacıyev yeni baş məşqçi seçimində hansı kriteriyalara üstünlük veriləcəyini də açıqlayıb: “Ad əsas götürülməyəcək. Əsas kriteriyalardan biri odur ki, yerli mentaliteti və futbolçuları tanıyan mütəxəssisə üstünlük veriləcək. Azərbaycan mədəniyyətinə uyğun məşqçilər arasında seçim ediləcək. Milliyə 100 faiz yerli mütəxəssisin rəhbərlik edəcəyini demək çətindir. Amma yeni baş məşqçinin azərbaycanlı məşqçi olmaq ehtimalı da az deyil”.
O, yığıncaqda Canni De Byazinin Belçika ilə oyundan (0:5) sonra azərbaycanlı jurnalistlər haqqında səsləndirdiyi fikirlərin də müzakirə olunduğunu əlavə edib: “Onun sözləri qınanıldı və birmənalı şəkildə pislənildi”.