×
Vitraj – gözəlliyi, işıq və rəng oyununu, tarixi və mənəviyyatı birləşdirən unikal sənətdir. Vitraj fransız sözü "vitre"dən (pəncərə şüşəsi) və latın sözü olan "vitrum" - yəni "şüşə" sözlərindən əmələ gəlib. İlk vitraj pəncərələr orta əsrlərdə yaranıb. Sonra rəngli vitrajlar ən çox məbəd və kilsələrin pəncələrini bəzəmək üçün istifadə olunurdu. Vitraj sənəti orta əsrdə çox sürətli inkişaf etsə də əsl çiçəklənməsi XII əsrə təsadüf edib. Zaman keçdikcə vitrajların mövzusu genişləndi: portret, peyzaj və sair janrlar istifadə olunmağa başladı.
Azərbaycanda sənətin bu növünə maraq tarixən olub. Ölkəmizdə vitraj sənətinin şəbəkə növü daha çox inkişaf edib. Şəbəkənin klassik nümunəsi 1762-ci ildə inşa olunmuş Şəki Xan Sarayıdır. Zaman ötdükcə vitraj sənəti inkişafın yeni mərhələsinə qədəm qoydu. Bu gün biz bu sənət növünü boşqab, fincan, güldan və s. əşyalarda görə bilərik.
Uşaq yaşlarından rəsm çəkməyi sevən Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin (ABAD) dəstək göstərdiyi vitraj ustası Əminə Məmmədova əsasən şüşə məhsulları üzərində xüsusi boyalarla çəkilmiş əl işləri, həmçinin müxtəlif dekorativ suvenirlər, taxta mücrülər hazırlayır.
Bu rəngarəng aləmlə tanış olmaq üçün AZƏRTAC-ın müxbiri ABAD-çı Əminə Məmmədovanın satış mərkəzinə baş çəkib.
İxtisasca hüquqşünas olan və ikinci ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində davam etdirən Əminə Məmmədova vitraj sənətinə həvəsinin uşaqlıqdan yarandığını deyib: “Qərar verdim ki, bu sənətin təhsilini almaqla dərinliklərini öyrənim. Universitetdə təsviri və tətbiqi sənətin bütün növləri keçirilib, lakin mənim vitraj haqqında məlumatım az idi. 2013-cü ildən bu sənət növü məndə maraq doğurmağa başladı. Xarici ölkələrdən boyalar sifariş edib qab-qacaq üzərində vitraj yaratmağa başladım. O zaman Azərbaycanda bu növ vitraj sənəti populyar deyildi”.
Həmsöhbətimiz ABAD-la əməkdaşlıqdan da bəhs etdi. “2016-cı ildə ABAD yarandı. Əl işlərinin satışını təşkil etdiklərini öyrəndim və onlarla əlaqə saxladım. Əl işlərimi çox bəyəndilər və o vaxtdan bəri onlarla əməkdaşlıq edirəm. Bu qurum mənim üçün daha geniş bazarlara yol açdı”, - deyə o bildirib. Onun əl işləri İçərişəhərdə fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb.
Bir əl işinin yaranması ölçüsündən asılı olaraq iki gündən bir ayadək zaman aldığını söyləyən Əminə xanım istifadə olunan materialın vacibliyini qeyd edib: “İşin yarısı həm rəssamdan, həm də ki, istifadə olunan materialın keyfiyyətindən asılıdır. Təəssüf ki, burada mən keyfiyyətli boya tapa bilmirəm. Vitraj maliyyə tələb edən sənətdir, çünki boyaları bahadır, rəng çeşidləri azdır, həm də istənilən nəticəni almaq olmur. Bir nümunə gətirim. Armudu stəkan alan bir çox müştərilər onu suvenir kimi evdə saxlayırlar. Amma mən onlara izah edirəm ki, stəkanları gündəlik istifadə edə bilərsiniz, yuyulanda rəngi getmir”. Vitraj ustasının istifadə etdiyi boyalar Fransa və İtaliya istehsalıdır, sifarişi isə Moskva və Sankt-Peterburqdan edir. Armudu stəkanlar yerli istehsaldır, lakin güldanlar Türkiyədən gətirilir.
Vitraj ustası 2021-ci ildə “Edmurcraft” adlı mağaza açıb. Ondan öncə onlayn üzərinə satış edib.. “Xüsusi və korporativ sifarişlər alıram. Xaricdən də müraciət edən müştərilər çox olur. Ən çox tələbat olan məhsullar boşqab və armudu stəkandır. Bir çoxları əl işlərimi ilk dəfə görəndə hazır məhsul olduğunu düşünürlər. Deyirlər ki: “Bunu hansı ölkədən gətirmisiniz?”. Ancaq mənim emalatxanam əvvəllər burada olduğu üçün onları iş prosesi ilə tanış edirdim ki, bunun necə bir sənət olduğunu əyani görsünlər”, - deyə vitraj ustası söyləyib. Onun sözlərinə görə, son zamanlar yerli brendlərə maraq artıb. Əminə xanım hazırladığı məhsulların üzərində daha çox milli xalça naxışlarımızı, buta və narı əks etdirir.
Xatırladaq ki, ABAD - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 23 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.