Oktyabrın 22-də Bakıda 3-cü İslam Maliyyə Forumu – IMF’26 keçirilib.
AZƏRTAC xəbər verir ki, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinin sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Müqəddəs Qurani-Kərimin oxunuşu ilə başlayıb.
×

Tədbirdə İslam maliyyəsinin inkişafı, İslam bankçılığı, sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi, həmçinin bu sahədə kadr hazırlığı və beynəlxalq sertifikasiya məsələləri müzakirə olunub.
Forum çərçivəsində üç sessiya keçirilib.
Birinci sessiyada “Azərbaycanda İslam bankçılığının və sığortasının yeni dövrü” mövzusu müzakirə olunub. Sessiyada Azərbaycanda İslam maliyyə məhsullarının tətbiqi üzrə requlyativ dəyişikliklər və yeniliklər, İslam maliyyəsində forma və mahiyyət uyğunluğu, eləcə də Azərbaycanda tətbiq olunan İslam bankçılığı məhsulları barədə təqdimatlar edilib.
İkinci sessiya “İslam maliyyəsinin Sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi imkanları” mövzusuna həsr olunub. Burada Azərbaycanda İslam qiymətli kağızlar bazarının inkişaf perspektivləri, Sukuk və digər məhsullar vasitəsilə beynəlxalq kapital bazarlarına çıxış imkanları, habelə Həcc yığımlarının idarə edilməsi ilə bağlı dünya təcrübəsi və fiqhi mülahizələr nəzərdən keçirilib.
Forumun üçüncü sessiyası “İslam maliyyəsi sahəsində kadr hazırlığı və beynəlxalq sertifikasiya” mövzusuna həsr olunub və AAOIFI təqdimatı ilə keçirilib. Sessiyada Azərbaycanda İslam maliyyəsinin tədrisinin mövcud vəziyyəti və inkişaf perspektivləri, İslam maliyyəsində insan kapitalının inkişafı və beynəlxalq sertifikasiya, həmçinin İslam maliyyə savadlılığında dövlət-akademiya əməkdaşlığı məsələləri müzakirə edilib.
Qeyd edək ki, 3-cü İslam Maliyyə Forumu İslam maliyyəsi sahəsində dövlət qurumları, maliyyə sektoru, akademik dairələr və digər maraqlı tərəflər arasında fikir mübadiləsi üçün platforma rolunu oynayıb.