×
İyunun 6-da Bakı Konqres Mərkəzində Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Kollecinin 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev uzun tarixi inkişaf yolu keçən, ilk məzunları 5 nəfərdən ibarət olan təhsil müəssisəsinin hazırda 1400-dən çox tələbəsi olduğunu deyib: “Kollecin yaradılması ötən əsrin əvvəllərinə - Azərbaycanda tibbi kadrların çatışmadığı bir vaxta təsadüf edir. 1895-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində yaradılmış Musiqi Kollecindən sonra ən qədim orta-ixtisas təhsilli müəssisə sayılan 1 nömrəli Bakı Tibb Kollecinin təməli 120 il öncə qoyulub. 1902-ci ildə Bakıdakı doğum evinin nəzdində “mamalıq məktəbi” kimi təşkil edilən bu təhsil ocağı sonradan tibb texnikumu, tibb məktəbi, kollec kimi fəaliyyət göstərib. 120 yaşlı təhsil ocağının on minlərlə məzunu bu müddətdə Azərbaycanın bütün bölgələrində müxtəlif tibb müəssisələrində çalışıb, əhalinin sağlamlığının keşiyində dayanıb, səhiyyəmizin inkişafına dəyərli töhfələr verib.
Təbii ki, savadlı mütəxəssislərin hazırlanması peşəkar, yüksək intellektli müəllimlərdən asılıdır. Tibb kollecində tədris mövzularının peşəkar şəkildə gənclərə çatdırılmasında bir sıra tanınmış həkim-müəllimlər mühüm rol oynayıb ki, onlardan biri də görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevadır. Oftalmologiya sahəsində unikal elmi məktəbin yaradıcısı, böyük alim, akademik Zərifə Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib. Həkimlik fəaliyyətini davam etdirməklə yanaşı, onun pedaqoji fəaliyyəti də çox zəngin olub. Zərifə xanım yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə xüsusi diqqət göstərib".
Azərbaycanda təhsil sisteminin tarixindən bəhs edən təhsil naziri Emin Əmrullayev 120 il ərzində kifayət qədər sürətli və uğurlu yol qət edildiyini bildirib. O zamanlar azərbaycanlı həkimlərin sayının az olduğunu qeyd edən təhsil naziri hazırda Azərbaycan Tibb Universitetinin, tibb kolleclərinin peşəkar tibb işçiləri yetişdirdiyini, xaricdə olan ali təhsil müəssisələrində ölkəmizi uğurla təmsil edən həkimlərimizin, alimlərimizin olduğunu diqqətə çatdırıb. E.Əmrullayevin sözlərinə görə, 120 il ərzində belə bir nailiyyətlər əldə etmək bir xalq, millət üçün çox böyük nəticədir. Kolleclərin fəaliyyətindən bəhs edən nazir həmin təhsil müəssisələrində tibb bacılarının yetişdirildiyini, bunun isə qızların təhsilə cəlb olunmasında xüsusi rol oynadığını vurğulayıb. Nazirin sözlərinə görə, həmin qadınların, qızların sonradan əmək bazarında, cəmiyyətdə əldə etdikləri sosial statusu baxımından kolleclərin də rolu danılmazdır. Təhsilli anaların övladlarının da bilik və bacarıqlarına görə digərlərindən fərqləndiyini bildirən nazir burada kolleclərin də əhəmiyyətli təsirə malik olduğunu deyib.
Kollecin tarixindən danışan direktor Nailə Əliyeva bildirib ki, ölkəmizin ən qədim təhsil ocaqlarından biri olan, 1902-ci ildə yaradılan, böyük inkişaf yolu keçən, müxtəlif adlar altında fəaliyyət göstərən 1 nömrəli Bakı Tibb Kolleci hazırda tibb bacısı və qardaşı işi, müalicə işi, mamalıq, əczaçılıq və gözdən əlillər üçün müalicə masajı ixtisasları üzrə orta tibb kadrları yetişdirir. O, gözdən müalicə masajı ixtisasının 2014-cü ildə həmin kollecdə yaradıldığını və yalnız orada tədris edildiyini bildirib. Kollecin direktoru tələbələrin həmin ixtisasa yiyələnmələri üçün onların fiziki imkanları nəzərə alınmaqla hər cür şəraitin yaradıldığını qeyd edib.
Kollecin gözdən əllilər üçün müalicə masajı ixtisası üzrə məzunu və hazırda orada müəllim kimi fəaliyyət göstərən Səbuhi Məmmədov 120 illik tarixin bir parçası olmaqdan məmnunluğunu ifadə edib.
Tədbir zamanı, həmçinin kollecin tarixindən bəhs edən videoçarxlar nümayiş etdirilib, kollecin fərqlənən əməkdaşları təltif olunub.
Tədbir bədii hissə ilə davam edib.