×
Iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim səsim, mənim hüquqlarım“ adı altında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub.
Uşaq Səfirlər Məclisinin üzvü Riyad Vəliyevin aparıcılıq etdiyi tədbirdə Vətən müharibəsi şəhidlərinin övladları, Uşaq Səfirlər Məclisinin üzvləri, valideynlər, uşaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxış edərək bildirib ki, uşaqların sağlam böyümələri, təhsil almaları, hərtərəfli inkişaf etmələri, vətənpərvər ruhda tərbiyə olunmaları dövlətimizin diqqət mərkəzindədir.
Uşaqlara diqqət və onlara dövlət qayğısının gücləndirilməsinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayan A.Sofiyeva qeyd edib ki, uşaqlarla bağlı dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
Sədr müavini aztəminatlı ailələrin uşaqlarının qayğı ilə əhatə olunduqlarını qeyd edib, eyni zamanda, regionlarda fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin işindən danışıb. "Biz sizin savadlı, intellektual, vətənpərvər böyümənizi istəyir və sizə böyük ümidlər bəsləyirik. Əminik ki, siz layiqli vətəndaşlar kimi dövlətimizin möhkəmlənməsinə öz töhfənizi verəcəksiniz", - deyə Aynur Sofiyeva vurğulayıb.
Videoklipin nümayişindən sonra çıxışlar olub.
Şəhid pilot, mayor Urfan Vəlizadənin qızı Zəhra Vəlizadə, Uşaq Səfirlər Məclisinin sədri Nurlan Cəbrayılzadə, V Forumun Əlaqələndirmə Şurasının üzvləri Pəri Əliyeva və Polad Əliyev, Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədova çıxış edərək ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıblar, uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.
Tədbirdə uşaqların rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib və onların ifasında musiqilər səsləndirilib, həmçinin Uşaq Səfirlər Məclisinin veb-saytının təqdimatı olub.