Dekabrın 4-də akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb.
×
Dekabrın 4-də akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkil etdiyi konfrans görkəmli kimyaçı-alimin, Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademikin elmi irsinin tədqiqi və müasir perspektivlər fonunda yenidən qiymətləndirilməsinə həsr olunub.
Konfransdan əvvəl Fəxri xiyaban ziyarət edilərək Ümummilli Lider Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin əziz xatirələri ehtiramla yad olunub, məzarları önünə gül dəstələri qoyulub.
AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən açılış mərasimindən öncə tədbir iştirakçıları akademik Yusif Məmmədəliyevin həyat və fəaliyyəti haqqında fotosərgi ilə tanış olublar.
Konfransın açılışında elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini akademik Rafael Hüseynov, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev və başqaları çıxış edərək alimin Azərbaycan elminə verdiyi töhfələrdən söz açıblar.
Akademik Yusif Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Sonra akademik Yusif Məmmədəliyevə həsr olunmuş sənədli film nümayiş olunub.
Konfrans işini panel müzakirələrlə davam etdirib.