İyunun 8-də dördüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu olan idarəetmə bacarıqları imtahanı keçirilir.
×
İyunun 8-də dördüncü “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu olan idarəetmə bacarıqları imtahanı keçirilir. Budəfəki mərhələ Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunub. Namizədlər əvvəlcədən seçdikləri vaxtda – saat 10:00 və ya 16:00-da imtahanda iştirak edə bilərlər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib. O bildirib ki, əyani mərhələnin birinci turu olan qabiliyyət imtahanında iştirak edən 3801 namizəddən 1311 nəfəri idarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb.
“İmtahanda iştirakçılara situasiya-mühakimə testləri üzrə 90 tapşırıqdan və tapşırıq üzrə 4 variantdan ibarət 90 sual təqdim olunub. İmtahana ümumilikdə 3 saat 30 dəqiqə vaxt ayrılıb.
Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə hesablanacaq. T-şkalası bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.
İdarəetmə bacarıqları imtahanının nəticələri 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək”, - deyə Fərhad Hacıyev qeyd edib.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.