“Xəzər – dostluq dənizi” motoyürüşünün iştirakçıları Xəzər dənizi ətrafında böyük məsafə qət edərək Bakıya çatıblar.
×
“Xəzər – dostluq dənizi” motoyürüşünün iştirakçıları Xəzər dənizi ətrafında böyük məsafə qət edərək Bakıya çatıblar. Yürüş Həştərxanda başlayıb, iştirakçıların yolu isə Qazaxıstanın Aktau və Atırau, Türkmənistanın Aşxabad və Türkmənbaşı, İranın Babolsər və Rəşt, nəhayət, Azərbaycanın Astara və Bakı şəhərlərindən keçir.
AZƏRTAC xəbər verir ki, motokolonnaya başçılıq edən Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin jurnalistlərə müsahibəsində deyib: “Biz Xəzər ətrafında ilk dəfə bu məsafəni qət etdik. Motoyürüşün adı – “Xəzər – dostluq dənizi” təsadüfən seçilməyib. Bununla göstərmək istədik ki, biz Xəzər ətrafında bizləri ayıran yüzlərlə kilometr məsafədən daha yaxınıq.
Bizim bütün marşrutumuz beş min kilometr təşkil edir. Yolumuza Həştərxan kremlindən başladıq və Qazaxıstan, Türkmənistan, İran ərazilərindən keçdik. Bu gün Bakıda olmaqdan böyük məmnuniyyət hissi keçiririk. Hər bir ölkədə qonşularımızla iqtisadi, humanitar əməkdaşlıq məsələlərinin müzakirə etmək üçün dayanacaqlar elan etdik”.
Həştərxanın ətrafında bütün yerlərdən keçdiklərini qeyd edən vilayətin qubernatoru yeni marşrutun meydana gəlməsi səbəbindən də danışıb: “Bizim vahid komandamız var. Çox əsaslı hazırlıq işləri görmüşük. Texnikamız bütün növ yollara uyğundur. Bütün səyahət boyu görüşlər keçirmişik. Bizi hər yerdə çox səmimi qarşılayıblar. Biz özünəməxsus mədəniyyətlərin şahidi olduq, insanlarla tanışlıq yarandı, bu yolu yüksək əhvali-ruhiyyə ilə qət etdik”.
“Xəzər – dostluq dənizi” motoyürüşü beynəlxalq layihədir. Onun məqsədi Xəzəryanı ölkələr arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsidir.