×
Mayın 5-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş beynəlxalq elmi-praktik konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd Azərbaycanın turizm ehtiyatlarının ölkə iqtisadiyyatı üçün əhəmiyyətini, dünya turizm bazarında ölkəmizin yerini, turizm təhsili sahəsində mövcud problemləri araşdırmaqdan, bu sahədə tədqiqat aparan elm adamları ilə mövcud əməkdaşlığı genişləndirməkdən ibarətdir.
Beynəlxalq konfransı giriş sözü ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov açaraq ölkə turizminin inkişafı ilə paralel olaraq bu sahədə təhsilli kadrların yetişdirilməsinin vacibliyinə toxunub, dövlətin dəstəyi və qayğısı ilə turizm təhsilinin artıq yalnız peşə təhsili deyil, ali təhsildə də müstəqil bir sahə olaraq inkişaf etdiyini vurğulayıb.
Konfransda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Fuad Nağıyev videomüraciətində bu il müasir Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Dövlət Turizm Agentliyi tərəfindən silsilə tədbirlərin icra olunduğunu qeyd edib. Agentliyin sədri bildirib ki, ilin əvvəlindən başlayaraq “Şahdağ” Turizm Mərkəzində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan həvəskar dağ-xizəyi yarışları, Ağdam rayonunda ağacəkmə aksiyası, o cümlədən Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrinin və gənclərin iştirakı ilə fləşmob keçirilib.
"Heydər Əliyev və turizm” sənədli filminin, eləcə də eyniadlı kitabın üzərində işlərə başlanıldığını qeyd edən Fuad Nağıyev payız aylarında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş turizm sammitinin keçiriləcəyini, həmçinin il ərzində bu kimi silsilə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Mayın 6-da işini yekunlaşdıracaq konfransda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən ümumilikdə 105 tədqiqatçı məruzəçi qismində iştirak edir.
Konfransda Ulu Öndərin Azərbaycan iqtisadiyyatının formalaşmasında rolu, Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və Azərbaycan regionlarında, xüsusilə işğaldan azad olunmuş ərazilərdə turizmin inkişaf etdirilməsi və turizmlə əlaqədar müxtəlif mövzuları ehtiva edən məruzələrin dinlənilməsi nəzərdə tutulur.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.