×
Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti və ANAMA-nın dəstəyi ilə ölkəmizdə səfərdə olan “Sülhün Kökləri” təşkilatının qurucusu xanım Haydi Künün martın 4-də BAMF-nin baş ofisində brifinqi keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə BAMF-nin prezidenti Umud Mirzəyev, BAMF-ın Müşahidə Şurasının sədri Akif Musayev, Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədrinin müavini Samir Poladov, BAMF-nin tərcüməçi-jurnalisti Elnur Ənvəroğlu, həmçinin Fondun əməkdaşları iştirak ediblər.
Tədbirdə Umud Mirzəyev BAMF-nin tarixi, son 30 ildə həyata keçirdiyi layihələr və gördüyü işlər haqqında məlumat verib. Söhbət zamanı Azərbaycanın mina probleminin həlli istiqamətində “Sülhün Kökləri” təşkilatı ilə rəsmi əməkdaşlığın perspektivlərindən söz açılıb.
O, “Sülhün Kökləri” təşkilatının qurucusu Haydi Künlə ölkəmizdə keçirilən görüşlərə toxunub. Qeyd edib ki, Haydi Kün Kosovodan tutmuş Əfqanıstana qədər bir çox ölkələrdə fəaliyyət göstərib. Onun Azərbaycanda böyük fəaliyyəti gözlənilir.
BAMF-nin prezidenti U.Mirzəyev Haydi Künün Qarabağa səfərləri, həmçinin Ermənistanın Azərbaycan ərazilərini minalaması barədə məlumat verib. Vurğulayıb ki, Azərbaycan dünyada ərazisi ən çox minalanmış ölkələrdən biridir. O deyib ki, ölkəmiz donor şirkətləri mina probleminin həll olunmasına cəlb etmək niyyətindədir.
Sonra çıxış edən “Sülhün Kökləri” təşkilatının qurucusu Haydi Kün Azərbaycanda olmaqdan böyük qürur hissi keçirdiyini bildirərək deyib: “Biz ərazilərin minalardan təmizlənməsi və üzümlüklərə çevrilməsi üçün çalışırıq. Mən minalanmış bir çox ərazilərdə olmuşam, amma Qarabağda olan qədər minalanmış sahə görməmişəm. Biz Qarabağda sülhün köklərini qoymaq üçün üzüm ağacları əkdik”.
O, Azərbaycanda mina ilə çirkləndirilmiş ərazilərin təmizlənməsi istiqamətində görülməsi planlaşdırılan işlərə, təmizlənmiş sahələrdə üzümlüklərin salınması ilə bağlı planlara da toxunub.
Daha sonra ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov BAMF ilə təmsil etdiyi qurumun uğurlu tərəfdaşlığından danışıb. Mina probleminin hazırda Azərbaycan dövləti üçün xüsusi prioritet təşkil etdiyini və bu istiqamətdə fasiləsiz işlərin görüldüyünü söyləyib.
Sonda “Sülhün kökləri” təşkilatı ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında Memorandum imzalanıb. Memorandumun məqsədi Azərbaycanda mövcud olan mina problemini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək göstərməkdir.
Qeyd edək ki, Haydi Künün dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, mina qurbanları, KİV və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri ilə də görüşləri nəzərdə tutulub.