Noyabrın 29-da Sosial Tədqiqatlar Mərkəzində “İpək Yolu Mədəni və Tarixi Araşdırmalar” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə ərsəyə gətirdiyi “Sanqi Sur - Zəngəzurdan keçən yol.
×
Noyabrın 29-da Sosial Tədqiqatlar Mərkəzində “İpək Yolu Mədəni və Tarixi Araşdırmalar” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə ərsəyə gətirdiyi “Sanqi Sur - Zəngəzurdan keçən yol..” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri, layihə rəhbəri Aida Eyvazlı Göytürk rəhbəri olduğu qurumun Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə sıx əlaqələr qurduğunu, fəaliyyətində bu təşkilatın qeyri-rəsmi Zirvə Görüşünün Qarabağ Bəyannaməsinin şərtlərini əsas götürdüyünü bildirib. O, “Sanqi Sur - Zəngəzurdan keçən yol...” sənədli filminin də məhz bu istiqamətdə həyata keçirilən işlərin bir parçası olduğunu diqqətə çatdırıb.
“Film türk tarixində çox az araşdırılmış zəngi tayfaları haqqında yeni araşdırmadır. Sənədli filmdə Zəngi tayfalarının ilk dəfə yaşadığı və yayıldığı ərazilər, göstərdikləri qəhrəmanlıqlar və Azərbaycana bağlılıqları barədə məlumatlar yer alıb. Filmdə Azərbaycan, Özbəkistan və Misirdən olan alimlər və araşdırmaçılar öz fikirlərini bölüşüblər. Türkoloq, professor Firudin Cəlilov, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə, Səmərqənd Universitetinin dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori, misirli tədqiqatçı Əhməd Tarbik zəngi tayfaları haqqında dolğun məlumat veriblər. Sənədli filmin bir hissəsi Özbəkistanın paytaxtı Daşkənddə, həmçinin Səmərqənddə çəkilib. Film həm də Türk dünyasının yol xəritəsidir. Həmin yolların Zəngəzurda başlanması və ya Zəngəzura getməsinin sirrini qoruyub saxlayan kitabələrimiz, arxivlərimiz var. Türk ailəsi kimi əl-ələ verib, eyni arzu, istəklə yola çıxarıqsa, üstünü toz basmış bir çox tarixi həqiqətləri üzə çıxarmış olarıq”, - deyə A.Eyvazlı vurğulayıb.
Daha sonra film nümayiş etdirilib.
Sənədli filmin nümayişindən sonra çıxış edən Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Sancar Mahmudov bildiriblər ki, Türk Dövlətləri Təşkilatının təşəkkül tapdığı bir dövrdə belə tarixi filmin nümayiş olunması gizli türk tarixinə bir işıq salır. Mərkəzi Asiya, Misir və Azərbaycandan bəhs edən tarixi örnəklər oxşar taleli, oxşar xalqların qədim əlaqələrini sübut edir. Diplomatlar filmin qırğız və özbək dillərinə tərcümə edilməsinin vacibliyini vurğuladılar.