×
Bakıda Azərbaycanın Xalq artisti - caz musiqiçisi, bəstəkar, dirijor, aranjimançı, kino musiqisi müəllifi Rafiq Babayevin xatirəsinə həsr olunmuş “Azeri Jazz Novels” konserti keçirilib. Bakı Musiqi Akademiyasının Opera Studiyasının Konsert zalında tam anşlaqla keçirilən tədbir ölkəmizdə caz musiqisinin ən görkəmli nümayəndələrini bir araya gətirib.
AZƏRTAC -ın müxbiri musiqiçilər və dahi cazmenin ailə üzvləri ilə söhbət edib.
Farizə Babayeva - musiqişünas, Bakı Kukla Teatrının aktrisası, publisist, şairə, Rafiq Babayevin qızı:
- Düz qırx il əvvəl, 1985-ci ildə elə həmin səhnədə atam Rafiq Babayev öz caz qrupu ilə çıxış edib. Bu, onun Estrada Simfonik Orkestrinin solistlərindən ibarət növbəti caz qrupu idi. Ona görə də atamla birgə, o cümlədən həmin konsertdə çıxış edən musiqiçilərin bu gün səhnəyə çıxması xüsusilə dəyərlidir. Məhz o zaman həmin konsert çərçivəsində bu gün çoxları üçün artıq bir növ tədris vəsaitinə çevrilmiş bəstələr ifa olunurdu. Və ən vacibi odur ki, çoxlu gənclər var. Bu məni çox sevindirir! Onun faciəli ölümündən sonra dünyaya gələn musiqiçilər səhnəyə çıxırlar. Ancaq onlar üçün o, ustaddır! Bu, bir daha sübut edir ki, yarım əsrdən çox əvvəl yaradılmış Rafiq Babayev məktəbi fəaliyyətdədir, mövcuddur və inkişaf edir.
O vaxt necə həyəcan keçirdiyimi xatırlayıram. Mən indi də həyəcan keçirirəm... çox... Baxmayaraq ki, indi oğullarım və onların dostları belə bir geniş tədbirin keçirilməsi, Rafiq Babayevin xatirəsinin və irsinin qorunub saxlanması üçün əllərindən gələni edirlər. Bu çox xoşdur. Axı atamın vəfatından sonra bütün bu illər ərzində bu işlə mən, bacım və anam məşğul olmuşuq. Bu gün isə artıq növbəti nəsil hər şeyi öz əlinə alıb. Xüsusilə qeyd etmək istəyirəm ki, konsertdə atamın bacısı Vəsilə bibim də iştirak edirdi. Onun 98 yaşı var. O, Almaniyada yaşayır, lakin xüsusilə konsert üçün gəldi! O, həmişə hamını birləşdirib. O, janrları birləşdirirdi. O, müdrikləri və axtarışda olanları birləşdirirdi. O, nəsilləri birləşdirirdi və bunu etməkdə davam edir.
Siyavuş Kərimi - Azərbaycanın Xalq artisti, bəstəkar, professor:
- Rafiq Babayev görkəmli musiqiçi və pianoçu, gözəl rəhbərdir. O, sanki mənim həyatıma mənim davam etməli olduğum yolun əsasını qoydu. Biz birlikdə həm SSRİ-nin, həm də Avropanın, Şimali və Cənubi Amerikanın bir çox ölkəsini gəzdik. Taleyə minnətdaram ki, həyatımda böyük rol oynayan Rafiq müəllim kimi şəxsiyyət olub...
O, muğam əsasında tonal cazın yaradıcısı olub. Rafiq muğam əsasında cazın ideyasını Vaqif Mustafazadəyə verdi. Çünki onda bu daha maraqlı alınırdı. Bu, Rafiq Babayevin yaradıcılıq axtarışlarında çoxlu maraqlı məqamların yalnız kiçik bir hissəsidir. Əbəs yerə dahi Rəşid Behbudov onunla işləməyə başlamamışdı! O, kimi dəvət edəcəyini bilirdi və şübhəsiz ki, Rafiq onun da yaradıcılığına təsir edirdi..
Vaqif tez-tez Rəşid Beybudov adına Mahnı Teatrına gəlirdi, orada Rafiqlə söhbət edirdilər, biz hamımız isə yığışıb iki dahinin söhbətini dinləyirdik! Yadımdadır, Rafiq ortaq albom yaratmağı, plastinka (val) buraxmağı təklif edirdi və elə bil ki, artıq razılaşmalar əldə edilmişdi və bəzi istiqamətlər artıq qeyd olunurdu. Amma təəssüf ki, Vaqif dünyasını dəyişdi. Vaqifin qəfil ölüm xəbərini aldığımız gün Rafiq bütün gecəni alətinin başında oturub ifa edirdi... Vaqif üçün ifa edirdi...
Qətiyyətlə səsləndirməyi özümə borc bilirəm ki, atasının vəfatından sonra əsl azərbaycanlı kimi Vaqifin qızı Əzizəni səhnəyə çıxaran Rafiq olub. O, Əzizə ilə gecə-gündüz məşğul olurdu və bu, onun dünya miqyasında uğur qazanmasının və indiki zamanda əldə etdiyi zirvələrin əsasına çevrildi. Əzizə ilə dərs vaxtı gələndə bizi necə fəal şəkildə yola saldığını xatırlayıram.
Şübhəsiz ki, Rafiq Azərbaycanın musiqi mədəniyyətini zənginləşdirib. O olmasaydı, əlbəttə ki, çətin olardı... Düşünürəm, o, sağ olsaydı, mədəniyyətimiz ancaq qazanardı... Bizə yalnız Rafiqin musiqisini dinləyib ifa edərək onun xatirəsi ilə yaşamaq qalır.
Cəmil Əmirov - Azərbaycanın Xalq artisti, bəstəkar:
- Rafiq Babayev Azərbaycan cazında bütöv bir dövrdür. O, xalq musiqisi ilə, xalq çalğı alətləri ilə, caz və estrada istiqamətlərində möhtəşəm, müxtəlif sintezlərdən ibarət böyük bir “baqaj” qoyub. Mən onu öz mənəvi atam, müəllimim və dostum hesab edirəm. Caz musiqiçisi kimi inkişafımda onun köməyi əvəzsiz oldu. Demək lazımdır ki, onun arzusu sakitcə öz işini görmək, yaradıcılıqda azad olmaq idi. Onun estrada-simfonik orkestrinin direktoru vəzifəsinə təyin olunması xüsusi yaradıcılıq stimulu oldu. Axı caz musiqiçisi üçün məhz azadlıq əsas şərtdir. Demək olar ki, Rafiq o vaxt dünyanı gəzirdi yaradıcılığın zirvəsində idi.