×
Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” adlı yeni layihəyə start verib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində aprelin 29-da Bakıda gənclərin iştirakı ilə forum keçirilib. Forumda gənclər və könüllülərlə yanaşı, BMT-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.
Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev forumun Azərbaycanda plastik tullantılara qarşı birgə mübarizə aparmaq, ətraf mühitin təmizliyinə fikir verməklə ölkənin turizm potensialını daha da artırmaq məqsədilə hökumət və maraqlı tərəflər üçün platforma yaradacağını deyib.
Sonra forumda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələr üzrə meneceri Ülkər Süleymanova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev, BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Samir Mehraliyev, “Təmiz şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov çıxış ediblər.
Çıxışlarda bildiriblər ki, layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla onları birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq, praktiki yolların tapılması istiqamətində ekoloji tədbirlər keçirməkdir.
Diqqətə çatdırılıb ki, tullantıların, o cümlədən polietilen və plastik qablaşdırma materiallarının idarə olunmasında mütərəqqi üsullardan istifadə, istilik effekti yaradan qaz tullantılarının azaldılması, atmosfer havasının və yaşıllıqların mühafizəsi, tullantı sularının idarə olunması, istehsal müəssisələrində aztullantılı ən qabaqcıl ekoloji dost texnologiyalarından istifadənin genişləndirilməsi əsas prioritet istiqamətlərdəndir. Ölkəmizdə plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə genişmiqyaslı təbliğat kampaniyası aparılıb. Alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici xarakterli çap və videomateriallar hazırlanıb, KİV-lərdə təbliğat-təşviqat tədbirləri həyata keçirilib, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri barəsində ictimai məlumatlılıq artırılıb. Bu sahədə təbliğat işlərində gənclərin üzərinə də mühüm vəzifələr düşür.
Forumun ikinci hissəsi panel müzakirələrlə davam edib. Panel müzakirələrin moderatoru olan Azərbaycan Könüllülər İctimai Birliyinin vitse-prezidenti Nahid Quliyev iştirakçıları forumun mövzusunun aktuallığı barədə məlumatlandırıb. Ekspertlər - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, “Təmiz şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov, Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfir Gülsara Qasımova gənclərin suallarını cavablandırıb və təkliflərini dinləyiblər.
Qeyd olunub ki, aprelin 30-da Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən “Plastik tullantılara qarşı mübarizədə gənclərin rolunun artırılması” layihəsi çərçivəsində “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında 100-ə yaxın könüllünün iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcək. Kampaniyanın məqsədi ölkədə və xüsusilə Bakıda ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, BMT-nin Ətraf Mühit proqramı modelini ölkəmizdə tətbiq etməklə qısa zamanda böyük müsbət dəyişikliklər üçün ciddi addımlar atmaq, əhalinin ekoloji savadlılığını yüksəltməkdir.
Ümumilikdə layihə vasitəsilə gənclər arasında ekoloji maarifləndirmə işi aparılacaq, xüsusilə plastik tullantıların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə məlumat veriləcək.
Tədbirin sonunda iştirakçılara Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən sertifikatlar təqdim edilib.