Mayın 5-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı keçirilir.
×
Mayın 5-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə “Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şuşa - mənəviyyat incisi” filmi nümayiş olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən Aİİ-nin rektoru Aqil Şirinov mövzunun aktuallığını vurğulayıb. Rektor qeyd edib ki, konfransın məqsədi Şuşa şəhərinin milli-mənəvi və sosial-mədəni irsinin tarix, siyasət, ədəbiyyat, incəsənət, memarlıq, din və fəlsəfə kimi müxtəlif aspektlərdən araşdırılmasıdır. Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşa və onun tarixi; Azərbaycanın ictimai-siyasi düşüncə tarixində Şuşa və şuşalı dövlət xadimləri; Şuşanın Azərbaycan ədəbi irsində yeri; Şuşada incəsənət və memarlıq nümunələri; Şuşanın milli-mənəvi irsimizin təşəkkül və inkişafında rolu; Şuşada dini-mədəni abidələr; Şuşa – Azərbaycanın multikultural mədəni irsində; Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində Qarabağ Zəfəri konfransın əsas mövzu və istiqamətləridir.
Konfransın plenar iclasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev və başqaları çıxış ediblər.
Qeyd olunub ki, Qarabağın tacı sayılan, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycan tarixi və mədəniyyətində özünəməxsus əhəmiyyətli yer tutur. Dini-mədəni və tarixi abidələri, sarayları ilə məşhur olan Şuşa ədəbiyyat, incəsənət, siyasət və digər sahələrdə bir çox dahi və nüfuzlu şəxsiyyətlər yetişdirib. Bu qədim diyar Azərbaycanın milli-mənəvi və mədəni irsinin təşəkkül və inkişafına mühüm töhfələr verib. Bu mənada, “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il 7 may və “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” 2022-ci il 5 yanvar tarixli sərəncamları xüsusi əhəmiyyət kəsb edir.