Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 5 illiyinə həsr olunmuş “Mənəvi dəyərlər və dövlət siyasəti” hesabat-konfransı keçirilib.
×
Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 5 illiyinə həsr olunmuş “Mənəvi dəyərlər və dövlət siyasəti” hesabat-konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra iqtisadi, siyasi, sosial, mədəni sahələrlə yanaşı, dini-mənəvi sahədə də müstəqilliyin qorunmasına, inkişafına çox önəm verildiyini bildirib. Qeyd edilib ki, ulu öndər Heydər Əliyev hakimiyyəti dövründə dini-mənəvi sahədə də çox mühüm addımlar atılıb.
Sonra Fondun 5 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fondun zamanın çağırışlarına uyğun olaraq yaradıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, Fond beş il ərzində çox böyük yol keçib və Nizamnaməsində əksini tapan fəaliyyətini getdikcə genişləndirməkdədir.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov dünyada milli-mənəvi dəyərlərə bağlı xalqlar üçün öz bütövlüyünü qorumaq və onu gələcək nəsillərə ötürməyin ən önəmli məsələlərdən biri olduğunu diqqətə çatdırıb. O deyib: “Milli mənəvi dəyərlərin təbliği bizim üçün də hər zaman öndə olub və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması bu istiqamətdə atılmış ən önəmli addımlardan biri idi. Azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin həyata keçirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və milli-mənəvi dəyərlərin gücləndirilməsinə xidmət edir. Məhz mənəvi dəyərlərə sıx bağlı olan gənclərimiz 2020-ci ildə Ali Baş Komandanın ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdilər. Bu, onu göstərir ki, xalqımız mənəvi dəyərlərinə önəm verir və onunla fəxr edir".
Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda dini sahədə çox uğurlu siyasət aparılır və dəyərlərimizin inkişaf etdirilməsi yolu seçilib. Biz dəyərlərimizi qoruyur və təbliğ edirik.
Digər çıxış edənlər Fondun mənəvi dəyərlərin təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda fərqlənən əməkdaşları Fəxri fərmanla təltif olunublar.