İyulun 2-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Mən azərbaycanlıyam” milli bilik yarışmasının 10-cu yubiley mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
×
İyulun 2-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Mən azərbaycanlıyam” milli bilik yarışmasının 10-cu yubiley mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, 2010-cu ilin fevralından etibarən Gənclər və İdman Nazirliyi tərəfindən “MZ Production“ MMC, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə “Azərbaycanımızı tanıyaq və tanıdaq!” şüarı altında həyata keçirilən “Mən azərbaycanlıyam” adlı milli bilik yarışması 2020-2021-ci illərdə də pandemiya qaydalarına uyğun olaraq davam etdirilib və çoxsaylı iştirakçılar arasından 40 nəfər qalib kimi seçilib.
Mükafatlandırma mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin xatirəsi yad olunub, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının foyesindəki büstü önünə çiçək dəstələri qoyulub. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rövşən Rüstəmov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək layihənin əhəmiyyətindən danışıb və qalibləri təbrik ediblər. Çıxışlarda bildirilib ki, ulu öndər Heydər Əliyevin məşhur “Fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərindən ilham alan layihə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyət kəsb edib. Geniş tamaşaçı kütləsi, xüsusən də gənclər arasında böyük maraqla qarşılanan layihənin əsas məqsədi gənclərə Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını tanıtmaq və onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək sahəsində məqsədyönlü işin aparılmasıdır.
Xüsusilə vurğulanıb ki, layihənin internet versiyasının hazırlanması, tətbiq edilməsi və davamlı olaraq sual bazasının təkmilləşdirilməsi son illər həm ölkə daxilində, həm də xaricdə yaşayan həmvətənlərimizin bu müsabiqədə fəal iştirak etməsinə səbəb olub.
Sonra layihənin qalibləri elan olunub və onlara təşkilatçılar tərəfindən pul mükafatları, fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir istedadlı müğənnilərin ifasında maraqlı konsert proqramı ilə davam edib.