×
Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi məşhur “Kitabi-Dədə Qorqud” dastanının ilk versiyası əsasında hazırlanmış “Mən - Dədə Qorqud:” Epizod 1. Başlanğıc” tamaşasının premyerasına hazırlaşır. Bu, dünyada həmin əlyazmanın orijinal dilində - qədim oğuz dialektində tamaşaya qoyulduğu ilk mədəniyyət hadisəsidir. Tamaşanın quruluşçu rejissoru Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Anar Mikayılovdur. Musiqi tərtibatı İffət Əsgərova məxsusdur. Tamaşada (iki heyətdə) rolları teatrın aktyorları - Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Qasım Nağı, həmçinin Amid Qasımov, Mətanət Abbaslı, Nigar Mürsəlova, Vüqar Hacıyev ifa edirlər.
AZƏRTAC-ın müxbiri tamaşanın məşqlərinə baxıb, səhnə arxasında bu möhtəşəm mədəniyyət hadisəsinin iştirakçıları ilə söhbət edib.
Ön söz
Oğuz xalqının qəhrəmanlıq dastanı “Kitabi-Dədə Qorqud” türk mədəniyyətinin, ədəbiyyatının və tarixinin, xüsusən də Azərbaycan xalqının görkəmli abidəsidir. Epos Azərbaycan xalqının 1300 illik tarixini əks etdirir. Dastanın əsas iki versiyası məlumdur: 12 boydan ibarət Drezden və 6 boyu ehtiva edən Vatikan əlyazmaları. Ümumilikdə, “Kitabi-Dədə Qorqud”a daxil olan dastanların əsas hissəsinin XV əsrdə qələmə alındığı qəbul edilir. Eposdan bir fraqmentin ilk çap nəşri - “Basatın Təpəgözü öldürdüyü boy” 1815-ci ildə, yəni 210 il əvvəl Berlində çap olunub. Eposun rus dilinə tam tərcüməsi 1922-ci ildə V.V.Bartold tərəfindən həyata keçirilib. 1938-ci ildə Bakıda “Kitabi-Dədə Qorqud”un tam versiyası nəşr olunub. Eposun hər biri müstəqil süjetə malik olan nəsri ön sözdən və on iki boydan ibarətdir. Süjetlər bəzi ümumi personajlarla bağlanır. Ağsaqqal Dədə Qorqud tayfanın patriarxı, rəvayətləri nəql edən ozan kimi bütün epizodlarda iştirak edir. O, eyni zamanda, hadisələrin iştirakçısı olaraq, dastandakı boyların yaradıcısıdır.
Qorqud Ata oğuzların islamaqədərki mərhələsində, təqribən V-VI əsrlərdə yaşamış tarixi şəxsiyyətdir. O, oğuzlar arasında geniş yayılmış qədim dastan və rəvayətləri zamanın ruhuna uyğun yeni məzmunda söylədiyi kimi, həm də yaşadığı dövrün adlı-canlı igidlərinin şərəfinə boylar düzüb-qoşmaqla gələcək nəsli vahid dövlətçilik ideyası ətrafında birləşdirmək məqsədi güdüb.
Birinci fəsil: Tamaşanın rejissoru özü haqqında danışır
Rejissor Mikayıl Mikayılov AZƏRTAC-ın müxbiri ilə söhbətində bu eposun Türk dünyası və şəxsən onun özü üçün əhəmiyyətindən bəhs edib.
“Dədə Qorqud” dastanı türk xalqının nümayəndəsi kimi, mənim etnik kimliyimin mühüm bir hissəsidir. Dastanlar xalqın ruhu, onun sirlər xəzinəsidir. Bu, xalqın irsinin və mədəniyyətinin, bütün arxetiplərinin, keçmişinə, tarixinə dair biliklərin yerləşdiyi müqəddəs məkandır. Belə ki, “Dədə Qorqud” dastanı ilə Türk dünyası öz kökünə söykənir. Burada ölümsüzlüyə nail olmaq üçün çox çətin sınaqlardan keçən qəhrəmanlardan bəhs edilir, əbədiyyət isə o zaman olur ki, xalq öz mədəniyyətini, tarixini xatırlasın və bu yaddaşı qoruyub saxlasın, yazıya alsın və onu tamaşaçıya çatdırmağa çalışsın”.
İkinci fəsil: “Mən - Dədə Qorqud” layihəsi haqqında
Rejissor ilk dəfə deyil ki, eposa müraciət edir: onun “Dirsə xan oğlu Buğaç” boyu əsasında 2015-ci ildə tamaşaya qoyduğu “İlahi oyun” həmin vaxt böyük uğur qazanmışdı. Mikayıl Mikayılov yeni quruluşda tamaşaçısını nələrin gözlədiyi barədə danışıb, həmçinin bütün eposun səhnələşdirilməsi ilə bağlı layihənin ideyasını bölüşüb.
“Artıq düz on il əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Dədə Qorqud”u tamaşaya qoymuşam. Bu tamaşanın kifayət qədər maraqlı taleyi olub, bir sıra festivallarda iştirak edib, çox yaxşı rəylər alıb. Yeni tamaşa üçün bu tamaşanın müəyyən strukturunu saxlamışam. Amma indiki layihədə bu tamaşa 12 boydan ibarət silsilə kimi göstəriləcək. Yuğ Teatrının poetikasına bələd olan rejissor və teatrımızın yaradıcısı Vaqif İbrahimoğlunun tələbəsi kimi, birinci boydan başlayıram və bu tamaşa “Mən - Dədə Qorqud”: Epizod 1. Başlanğıc” adlanır. Yəni, bu, həm eposun, həm kosmosun, həm də həyatın başlanğıcıdır – əvvəlin lap əvvəli! Bu hissədə bütün canlıların doğulması təsvir olunur. O, hər şeyin başlanğıcı olan ailə üçlüyü obrazında təcəssüm etdirilir. Burada belə bir təhlükə meydana çıxır ki, ata və oğul münaqişəsi səbəbindən bu təməl dağıla bilər. Üzərində həyatın qurulduğu həmin təməlin əhəmiyyətini göstərmək çox vacibdir”.
Üçüncü fəsil: Tamaşanın üslubu haqqında
Rejissorun fikrincə, tamaşanın qeyri-adi üslubu mətn kimi anaxronist və sinkretik müstəvidədir. Tamaşanın mühüm özəlliyi ondan ibarətdir ki, “Mən - Dədə Qorqud” layihəsindəki bütün pyeslər kimi, bu tamaşa da qədim oğuz dilində səhnəyə qoyulacaq.
Bu formatda konkret vaxt yoxdur – tamaşa yadda saxlamalı olduğumuz keçmişin bir növ xatırlatmasıdır, arxaikliyə qayıtmaq, qaydaları bərpa etmək üçün güc alacağımız yerə doğru müəyyən reduktiv üsuldur. Tamaşa sayəsində deyə bilərik ki, biz keçmişə, sivilizasiyanın yarandığı və həm mədəni, həm də texniki cəhətdən inkişafa başlandığı mağaraya qayıdırıq.
Məlum olduğu kimi, dastan indi danışmadığımız oğuz dilində yazılsa da, onun mətnində çox şey aydındır. Yeri gəlmişkən, türk xalqlarını birləşdirən də məhz bu dildir. Ona görə də düşündüm ki, bu dialektin məlahətini qoruyub saxlamaq çox gözəl olar, çünki onun öz səsində türk xalqlarının müxtəlif dillərindən mifoloji və birləşdirici cəhətlər var. Mənə elə gəlir ki, bunu çatdırmaq çox vacibdir. Əlbəttə, bu çətindir, çünki aktyorlar tamam başqa ləhcədə danışmalı, bizim öyrəşdiyimizdən fərqli vurğular etməlidir, lakin bu, tamaşanın özünə o zamanlardan gəlib çatan ab-havaya çox mühüm səs çaları qatır.
“İndi hanı o dediyim bəy ərənlər? Dünya mənim deyənlər? Əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya!
Dördüncü fəsil: Tamaşanın rəssamı nəql edir
Quruluşçu rəssam Mustafa Mustafayev “Mən - Dədə Qorqud” layihəsində iştirakın onun üçün niyə çox maraqlı olduğunu açıqlayıb:
“Bir türk mədəniyyətinin nümayəndəsi, etnik türk, türklərin mədəni genlərinin daşıyıcısı kimi, bu dastan mənim həyatımın ayrılmaz hissəsidir. Bu, gözəl bir ədəbi abidədir! Əlbəttə, bir teatr sənətçisi kimi, bu layihədə özümü ifadə etmə formatı mənim üçün çox maraqlıdır. Bu layihəyə marağımın başlıca səbəbi onun ən çox sevdiyim rejissor Mikayıl Mikayılov tərəfindən səhnələşdirilməsi ilə bağlıdır. Məhz onun interpretasiyasında bu dastan mənim üçün çox vacib bir bəndə çevrilən fərqli bir rəng alır.