Media İnkişafı Agentliyinin (MEDİA) nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şəraitin yaradılması, qarşılıqlı əlaqələrin, etimadın artması istiqamətində tədbirlərin həyata keçirilməsi MEDİA-nın əsas vəzifələrindəndir.
×
Media İnkişafı Agentliyinin (MEDİA) nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şəraitin yaradılması, qarşılıqlı əlaqələrin, etimadın artması istiqamətində tədbirlərin həyata keçirilməsi MEDİA-nın əsas vəzifələrindəndir. Bunu nəzərə alaraq MEDİA silsilə tədbirlər həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri, mətbuat katibi Səidə Şəfiyeva deyib.
“Bilirsiniz ki, ötən il ADA Universiteti ilə birgə “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlar keçirilib. Bizim həmkarlarımızın bir çoxu artıq bu seminarlarda iştirak edib. Bu həftədən etibarən Media İnkişafı Agentliyi ilə ADA Universitetinin birgə imzaladığı Əməkdaşlıq Memorandumu çərçivəsində növbəti silsilə seminarlara start verilir. Dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlar üçün nəzərdə tutulmuş “Media və media kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə tədbirlər iki həftə davam edəcək. Silsilə seminarların məqsədi peşəkar əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, gündəmin formalaşmasına təsiri və gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaması, qurumdaxili kommunikasiya və komanda ruhunun artması, ənənəvi və sosial media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır. Seminar yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları hissələrindən ibarət olacaq”, - deyə Səidə Şəfiyeva qeyd edib.