×
Ötən illərin bütün izlərini bizə xəbərdar edən Azərbaycan kinosu hər bir filmindən dünyamıza dərin iz salıb. Bu filmlər bizə keçmişimizdən, tarixi şəxsiyyətlərimizdən, qəhrəman oğullarımızdan, xalqımızın öz azadlığı uğrunda mübarizəsindən, inkişafımızdan söz açır. Azərbaycan həyatını əks etdirən filmlərdə neçə əsrlik tariximiz vərəqlənir, hər vərəqində xalqın tarixi həqiqətləri, adət-ənənələri, keçmişi və bu günü öz əksini tapır. Bu sözügedən filmlərdən biri isə Azərbaycan kinematoqrafiyasında xalqımızın mədəniyyətini, ailə-məişət münasibətlərini özündə qabarıq şəkildə göstərir. Söhbət “Böyük dayaq” filmindən gedir.
AZƏRTAC xəbər verir ki, mayın 17-də Nizami Kino Mərkəzində "Kinomuzu yaradanlar, yaşadanlar” layihəsi çərçivəsində "Böyük dayaq" filminin nümayişi olub.
Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycanın görkəmli yazıçısı Mirzə İbrahimovun yaradıcılığında mühüm yer tutan, onun eyniadlı romanının motivləri əsasında çəkilən “Böyük dayaq” filmi haqqında məlumat verib. Bildirib ki, film müasir kənd zəhmətkeşlərinin həyatından bəhs edir.
Qeyd edilib ki, “Böyük dayaq” filmi 1962-ci ildə rejissor Həbib İsmayılov tərəfindən ekranlaşdırılıb və “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Həmçinin film Azərbaycan teatr və kino aktyoru Həsən Məmmədovun kino sahəsindəki ilk işidir.
Daha sonra film nümayiş olunub.
“Böyük dayaq” tammetrajlı bədii filmi kənd təsərrüfatında gedən dəyişikliklərdən, o dövrün kənd adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılır. Ekran əsərində əsas rolları görkəmli aktyorlarımız Ələsgər Ələkbərov, Tamilla Rüstəmova, Həsən Məmmədov, Leyla Rzayeva, Zemfira Əliyeva, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və Hacımurad Yegizarov canlandırıblar.
Milli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması məqsədilə Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkilatçılığı ilə milli kino sənətkarlarının yubileylərinə həsr olunmuş "Kinomuzu yaradanlar...kinomuzu yaşadanlar" adlı layihə uğurla davam edir.
Layihə çərçivəsində kino sənətkarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin 2024-cü il ərzində hər ay bir kino xadiminə həsr edilməklə Nizami Kino Mərkəzində mütəmadi olaraq nümayişləri təşkil edilir.