“İrəli” İctimai Birliyi artıq 14 ildir ki, ölkəmizin dövlət gənclər siyasətinə töhfə verir. Rəhbərlik etdiyim təşkilat son iki ildə kifayət qədər layihələr həyata keçirib və tədbirlər təşkil edib.
×
“İrəli” İctimai Birliyi artıq 14 ildir ki, ölkəmizin dövlət gənclər siyasətinə töhfə verir. Rəhbərlik etdiyim təşkilat son iki ildə kifayət qədər layihələr həyata keçirib və tədbirlər təşkil edib. Bu layihə və tədbirlərdə 26 mindən çox gənc iştirak edib.
Bunu AZƏRTAC-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri, Vətən müharibəsinin iştirakçısı Şahin Rəhmanlı deyib.
O bildirib ki, həmçinin ötən iki ildə təcrübə proqramları, gənclərin beynəlxalq arenada təmsilçiliyi ilə əlaqədar çoxlu sayda fəaliyyətlər həyata keçirib. Ən əsas odur ki, gənclərimizin vətənpərvər ruhda yetişməsi üçün mühüm işlər görülüb və layihələr icra edilib. Gələcəkdə bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
Eyni zamanda “İrəli” İctimai Birliyin əsas hədəflərindən biri Vətən müharibəsi qəhrəmanlarının, qazilərin tanıdılması, eləcə də şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsidir. Bu işlə aktiv şəkildə məşğul olduq. Qalib əsgərimizin, şəhid övladlarımızla bağlı da kifayət qədər layihələrimiz olub.
“Rəhbərlik etdiyim qurum artıq hədəflərini müəyyənləşdirib. Bu hədəflərə gənclərimizin rəqabətədavamlı, aktiv, intellektual, vətənpərvər ruhda yetişdirilməsi daxildir. Bu çərçivədə biz proqram xarakterli layihələrimiz olan “Marş irəli”, “Hərb oyunları” kimi düşərgələrimizi təşkil edəcəyik. Bundan başqa, “Azərbaycanın intellektual birincisi”, “Virtual məkanda Azərbaycan” kimi böyük layihələrimizi icra edəcəyik. “İrəli”nin tərkibində yaratdığımız məktəblərin uğurlu olacağına inanıram. Bununla bağlı artıq proqramımız hazırdır. Eyni zamanda gənclərimizin beynəlxalq layihələrə çıxışı ilə bağlı hazır planlar mövcuddur. Yeni layihələrin həyata keçirilməsi ilə bağlı gənclərimizi daim dəstəkləyəcəyik”, - deyə Ş.Rəhmanlı vurğulayıb.
Ş.Rəhmanlı əlavə edib ki, “İrəli” saytı artıq interaktiv şəkildə gənclərin xidmətindədir. Gənclərin ideya və layihələrinin reallaşdırılması üçün onların təkliflərini qəbul edir və dəyərləndiririk. Eyni zamanda yaxın vaxtlarda “İrəli” İctimai Birliyinin mobil applikasiyanın yaradılması planlaşdırılıb. Bu mobil applikasiyanın gənclərin istifadəsinə verildikdən sonra onların xidmətlərimizdən daha rahat və asan şəkildə faydalanmasına şərait yaradılacaq