“İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq” mövzusunda beynəlxalq tədbir keçirilir.
×
“İnklüziv, Mütərəqqi və Təkmilləşdirilmiş Miqrasiya İdarəçiliyi üçün 15 illik tərəfdaşlıq” mövzusunda beynəlxalq tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəhbər heyəti, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, özəl sektorun, xarici ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəhbər şəxsləri, eləcə də miqrantlar iştirak edirlər.
Tədbirdə çıxış edən DMX-nin rəisi Vüsal Hüseynov Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsində xüsusi rol oynayan Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü ərəfəsində təşkil olunan və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığı təcəssüm etdirən tədbirin əhəmiyyətini, miqrasiya idarəçiliyi sahəsində birgə qazanılan uğurları, əldə edilən nailiyyətləri, gələcək perspektivləri diqqətə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunub və ölkəmizdə müasir tələblərə cavab verən Xidmət formalaşdırılıb.
Xidmət rəisi qeyd edib ki, ötən illərdə beynəlxalq əməkdaşlığın ikitərəfli və çoxtərəfli əsaslarla inkişaf etdirilməsi və möhkəmləndirilməsi, o cümlədən müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə məqsədyönlü addımlar atılıb. Fərəhli haldır ki, Dövlət Miqrasiya Xidməti son 15 il ərzində müxtəlif beynəlxalq təşkilatların, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, müvafiq dövlət orqanlarının, habelə Azərbaycanda olan, yaşayan, işləyən əcnəbilərin etibarlı tərəfdaşına çevrilib.
Vüsal Hüseynov bildirib ki, mütərəqqi miqrasiya idarəçiliyinin daha da gücləndirilməsi istiqamətində geridə qalan 15 illik yolumuzu tərəfdaşlarımızla birgə layiqincə keçmişik və bundan sonra da bu yolu sıx əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətindəyik.