×
Qədim abidələrin bərpası üzrə beynəlxalq dərəcəli italyan ekspert Alessandro Bianki Ağdamda “İmarət” kompleksinə baxış keçirib.
AZƏRTAC xəbər verir ki, o, kompleksdə yerləşən qədim məzarlığın ilkin halı və aparılan tədqiqat işlərindən sonrakı vəziyyətlə bağlı jurnalistlərə məlumat verib.
Kompleksdəki qəbirlərin işğal dövründə dağıdıldığını bildirən italyan mütəxəssis deyib: “Burada həm tarixi abidələr, həm də qədim qəbiristanlıq mövcuddur. İşğal dövründə ermənilər burada inək və donuz saxlayıblar. Buranı viran ediblər. Ağdam işğaldan azad olunduqdan sonra bura ilk dəfə gələndə bu kompleksi çox bərbad və viran qalmış vəziyyətdə gördük. Bilirik ki, "İmarət" kompleksinin bərpası ölkə rəhbərliyinin diqqətindədir və xalq üçün çox önəmlidir. Mədəniyyət Nazirliyi ilə kompleksin bərpası istiqamətində müzakirələr aparmışıq. Bərpa planı keçən il hazırlanıb. Kompleksin bərpası 2 mərhələdən ibarət olacaq: mövcud tikililərin və qədim qəbiristanlığın bərpası. Qəbiristanlığın bərpasında böyük çətinliklər var, çünki bütün qəbirlər dağıdılıb. Azərbaycanlı arxeoloqlar qəbiristanlığın bərpasına cəlb olunublar və çox böyük işlər görüblər. Əsas məqsədimiz "İmarət" kompleksini bərpa edib işğaldan əvvəlki vəziyyətinə qaytarmaqdır”.
Onun sözlərinə görə, işğal dövründə əksər qəbirüstü daşların yeri dəyişdirilib və qəbirlərə dair məlumatlar itib.
Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də təhqir edilib, vandalizmə məruz qalıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb.
Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.
Xarici mütəxəssislərin Ağdama səfərləri çərçivəsində sahənin inspeksiyası və çəkilişləri aparılıb, arxiv materialları araşdırılıb, beynəlxalq təcrübəyə əsaslanaraq bərpa və dizayn layihələri hazırlanıb. Kompleks ümumilikdə 3,3 hektar ərazini əhatə edəcək.