×
Sentyabrın 18-də ötən il üçün “İlin peşəkar gənci” adına layiq görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, üzv təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.
“İlin peşəkar gənci” adına layiq görülmüş gəncləri təbrik edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev dövlətimizin gənclər siyasətindən danışıb, ölkəmizdə gənclərin inkişafı üçün yaradılmış şəraitdən bəhs edib.
Tarixən gənclərin cəmiyyətlərdə əsas hərəkətverici qüvvə olduğunu bildirən S.Möhbalıyev Ulu Öndər Heydər Əliyevin gənclərə xüsusi diqqət yetirdiyini, onların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müasir elmi biliklərə yiyələnməsi, peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində hər şey etdiyini bildirib.
Qeyd edilib ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti dövlətimizin başçısı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir və gənclər ölkəmizin dinamik inkişafında müstəsna rol oynamaqdadır.
AHİK sədri həmkarlar ittifaqlarının dövlətimizin gənclər siyasətinə fəal dəstək verdiyini diqqətə çatdırıb.
Sonra 2022-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 64 nəfər istedadlı gəncə AHİK-in fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim edilib. Mükafatlandırılan gənclər arasında 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərərək orden və medallarla təltif edilmiş qazi və veteranlar da var.
Tədbirdə çıxış edən gənclər onların hərtərəfli inkişafı, istedadlarının nümayişi, karyera qurmaları, Vətənə ləyaqətlə xidmət etmələri üçün dövlətimiz tərəfindən göstərilən dəstəkdən danışıb, buna görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, gənc nəslin müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağının artırılması, bacarıqlarının respublikamızın sosial-iqtisadi inkişafına səfərbər edilməsi və həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə AHİK tərəfindən 2015-ci ildə “İlin peşəkar gənci” fəxri adı təsis edilib. İndiyədək 27 sahə həmkarlar ittifaqı təşkilatından 400 nəfərə yaxın gənc əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə edərək bu fəxri ada layiq görülüb.