×
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səbail Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf" İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Güclüyəm, dəyərliyəm, qadınam!” layihəsi uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə İçərişəhərdə layihənin yekunları ilə əlaqədar təltifetmə mərasimi keçirilib.
Tədbirdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin rəisi Şahin Seyidzadə, Milli Məclisin deputatı Nigar Arpadarai, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Gender məsələləri şöbəsinin müdiri Səbinə Talışınskaya, təlimçilər və layihə iştirakçıları qatılıblar.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxış edərək deyib ki, yerli icmanın dəstəyi ilə reallaşan və Səbail rayonundan 30 qadının iştirakı ilə keçirilən layihənin əsas məqsədi məişət zorakılığı ilə bağlı məsələlərdə maarifləndirməni, hüquqi bilikləri və özünə güvəni artırmaq olub. Azərbaycan qadınları, onların cəmiyyətdəki rolu və mövqeyi hər zaman dövlətimizin diqqətində olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qadın hüquqlarının qorunması istiqamətində görülən tədbirlər ölkəmizdə aparılan gender siyasətinə böyük töhfədir.
Şahin Seyidzadə qeyd edib ki, qadın hüquqlarının qorunması ilə bağlı məsələlər ölkəmiz üçün xüsusilə həssasdır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin təxminən yarısı qadınlardan ibarətdir.
Səbinə Talışınskaya isə çıxışında deyib ki, komitənin resurs mərkəzilərinin məqsədi müharibədən əziyyət çəkən qadınlara dəstək olmaqdır.
Layihə çərçivəsində iştirakçılar psixoloqlar, hüquq müdafiəçiləri və müxtəlif sahələrdən mütəxəssislər seminarlarda fəal iştirak ediblər. Onlara şəxsi bacarıqların təkmilləşdirilməsi, özünəinam, özünümüdafiə, uğurun qazanılması, hüquqi biliklər, psixologiya və bu kimi digər faydalı mövzularda təlimlər keçirilib.
Sonra çıxış edən Milli Məclisin deputatı Nigar Arpadarai vurğulayıb ki, xüsusilə müasir dünyada, yeni əmək bazarındakı çağırışlarda qadınların daha güclü olması, gələcəyə daha nikbin baxması önəmlidir. Dövlət tərəfindən bu sahədə mühüm işlər görülür. Qadınların karyeralarında öz yerlərini tutmaları üçün onlara dəstək göstərilməlidir.
Sonda təlimləri uğurla başa çatdırdıqlarına görə “Güclüyəm, dəyərliyəm, qadınam!“ layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.