×
İyunun 23-də “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən yeni sərgi və nümayiş salonunda Azərbaycanın Əməkdar rəssamı Faiq Əhmədlə əməkdaşlıq çərçivəsində ərsəyə gələn “Eskizdən xalçaya” adlı yeni kolleksiyanın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov yeni sərgi və nümayiş salonunun yaradılmasında əsas məqsədin ziyarətçiləri şirkətin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələrlə daha yaxından tanış etmək olduğunu söyləyib.
Yeni məkanın məhz İçərişəhərdə fəaliyyətə başlamasının xüsusi əhəmiyyət daşıdığını vurğulayan E.Məmmədov layihənin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə təşəkkürünü ifadə edib.
E.Məmmədov qeyd edib ki, layihənin əsas məqsədi ənənəvi Azərbaycan xalçaçılıq sənətini müasir incəsənətlə birləşdirərək yeni və fərqli yaradıcılıq nümunələri yaratmaqdır. Son illər Azərbaycan müasir incəsənətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm addımlar atılıb və bu prosesdə gənc rəssamların yetişməsi xüsusi rol oynayıb.
“Vaxtilə gənc rəssam kimi fəaliyyətə başlayan sənətkarlarımızın bir çoxu bu gün dünya səviyyəsində tanınır. Faiq Əhməd də həmin sənətkarlardandır. Onun əsərləri nüfuzlu beynəlxalq qalereyalarda nümayiş olunur və böyük maraqla qarşılanır”, – deyə E.Məmmədov bildirib.
Daha sonra çıxış edən Əməkdar rəssam Faiq Əhməd qeyd edib ki, kolleksiyanın əsas ideyası hər bir sənət əsərinin başlanğıcında dayanan eskizin və yaradıcı düşüncənin əhəmiyyətini nümayiş etdirməkdir.
“İstənilən əsər yaranmazdan əvvəl onun arxasında bir fikir və təsəvvür dayanır. Eskiz həmin ideyanın ilk ifadəsidir. Adətən bu mərhələ tamaşaçıdan gizli qalır, lakin əslində əsərin ən vacib hissələrindən biridir. Tam formalaşmış sənət nümunəsindən əvvəl məhz yaradıcı düşüncə mövcud olur. Bu layihədə də həmin mərhələyə xüsusi diqqət yetirməyə çalışmışıq”, – deyə rəssam bildirib.
Məhdud sayda istehsal olunan kolleksiyaya hər birindən 10 ədəd olmaqla 7 məxsusi xalça daxildir. Azərbaycanın qədim xalçaçılıq məktəblərinə, xüsusilə Quba və Qərbi Azərbaycan bölgələrinə məxsus xalça nümunələri əsasında hazırlanan “Turquoise, Göyçəli”, “Midnight, Qonaqkənd”, “Spring, Göyçəli”, “Rose, Göyçəli”, “Ink, Göyçəli”, “Crystal, Göyçəli” və “Magenta, Qonaqkənd” adlı xalçalar yun və ipək sapların qarışığından toxunub.