İyunun 10-da Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Dənizkənarı Milli Parkda “Bir peşənin sirri” festivalı keçirilib.
×
İyunun 10-da Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə Dənizkənarı Milli Parkda “Bir peşənin sirri” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərimov, elm və təhsil nazirinin müavini İdris İsayev və Milli Məclisin deputatı Vüqar Bayramov çıxış ediblər. Çıxışlar zamanı peşə təhsilinin ölkənin inkişafındakı strateji rolundan, gənclərin məşğulluğunun və peşə təhsilinə olan marağın artırılması istiqamətində görülən işlərdən söz açılıb. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.
Festivalda qonaqlara Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills” Azərbaycan platforması və STEAM Azərbaycan layihəsi çərçivəsində əyləncəli oyunlar, viktorinalar keçirilib. Peşə təhsili müəssisələri tərəfindən keçirilən yarışların qalibləri hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.
“Bir peşənin sirri” festivalına bu il də Aİ tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi dəstək verir. Tədbirin tərəfdaşı Dənizkənarı Bulvar İdarəsidir.