×
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil ocağının 50 illik yubileyinə həsr olunmuş “Azərbaycanda memarlıq təhsilinin dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən AzMİU-nun rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova rəhbəri olduğu ali məktəbin formalaşma tarixinə geniş nəzər salıb.
Professor Gülçöhrə Məmmədova qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi tarixi 1975-ci ildən hesablansa da, bu ali təhsil müəssisəsinin kökləri XX əsrin əvvəllərinə dayanır.
Onun sözlərinə görə, 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmış İnşaat fakültəsi ölkəmizdə mühəndis və memar kadrlarının hazırlanması istiqamətində mühüm başlanğıc nöqtəsi olub. 1930-1934-cü illərdə fəaliyyət göstərmiş İnşaat və Memarlıq İnstitutu isə həmin dövrdə SSRİ miqyasında xüsusi çəkisi olan təhsil ocaqlarından biri kimi mühüm rol oynayıb.
Rektor vurğulayıb ki, ötən əsrin müxtəlif mərhələlərində yenidən təşkil olunan fakültə və şöbələr bugünkü AzMİU-nun təməlini formalaşdırıb. Struktur islahatları, ixtisaslaşma prosesləri, beynəlxalq tərəfdaşlıqların qurulması, professor-müəllim heyətinin elmi potensialının gücləndirilməsi universiteti regionun aparıcı memarlıq və inşaat məktəblərindən birinə çevirib.
AzMİU-nun rəhbəri qeyd edib ki, 50 illik yubiley ərəfəsində keçirilən bu konfrans yalnız universitetin keçdiyi şərəfli yola ehtiram deyil, həm də Azərbaycanın memarlıq təhsilinin inkişaf strategiyasının müzakirə olunduğu mühüm elmi platformadır.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru Əminağa Sadıqov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri professor Elbay Qasımzadə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov çıxış edərək ölkəmizdə memarlıq təhsili sahəsində son illərdə əldə olunan mühüm nailiyyətlərdən danışıblar.
Bildirilib ki, Azərbaycanda memarlıq təhsili tam peşəkar mərhələyə keçib və beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilir. Onların sözlərinə görə, sözügedən sahədə sistemli islahatlar, müasir tədris standartlarının tətbiqi, elmi-tədqiqat mühitinin gücləndirilməsi və kadr hazırlığının keyfiyyətinin artırılması memarlıq ixtisaslarının nüfuzunu daha da yüksəldib.
Çıxışlarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq təhsilinin formalaşmasında və inkişafında oynadığı aparıcı rol xüsusi qeyd olunub. Ali təhsil ocağının son illərdə qazandığı uğurlar, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi, tələbələrin yaradıcılıq və praktiki fəaliyyət imkanlarının artırılması, eləcə də innovativ layihələrin reallaşdırılması sahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.