×
Martın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Mərkəzində “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının təqdimatı olub. Kitabın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik Kamal Abdulladır.
AZƏRTAC xəbər verir ki, ADU-nun Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb, çap olunan kitab haqqında qonaqlara qısa məlumat verib.
ADU-nun rektoru Kamal Abdulla kitabın ərsəyə gəlməsindən danışıb. Bildirib ki, kitabın 3 hissədən ibarət olması nəzərdə tutulub: “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlanan birinci hissə artıq Azərbaycan dilində çap olunub, rus və ingilis dillərinə tərcümə edilib. Bu kitabda Azərbaycan yazarlarının əsərlərində multikultural ideyaların təcəssümü öz əksini tapıb. “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitabda elmi ənənədə qəbul edilmiş mədəni müxtəliflik qədim zamanlardan indiki dövrə qədər təsvir edilir. Kitab öz əhəmiyyəti və aktuallığı ilə seçilir. Kitabda müasir dünyanın multikultural dəyərləri, Azərbaycanın mədəni müxtəlifliyi, azərbaycançılıq ideologiyasının formalaşması xalqların mədəniyyət, dil, inanc, ədəbi-bədii və fəlsəfi düşüncələrində öz əksini tapır.
Akademik Kamal Abdulla qeyd edib ki, həyat tərzi və dini görüşümüzdəki müxtəliflik Azərbaycanın mütəfəkkir və filosoflarının yaradıcılığında da prioritet xətt kimi təzahür edir. İctimai-publisistik kontekstdə multikultural və tolerant ideyalar qabarıq şəkildə XVIII, XIX və XX əsrin əvvəllərində yaşamış filosof, tarixçi, maarifçi və mütəfəkkirlərin dünyagörüşlərində daha aydın görünür. Antologiyada Azərbaycanın orta əsr alim və filosoflarından Bəhmənyar əl-Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Nəcməddin Naxçıvani, Seyid Yəhya Bakuvi, Məhəmməd Füzuli, Fətullah Şirvani və başqalarının yaradıcılığında əksini tapan multikultural baxışlar yer alıb.
Kitabın ideya müəllifi Kamal Abdulla bildirib ki, bu nəşrin də rus və ingilis dillərinə tərcümə olunması nəzərdə tutulub. Eyni zamanda, kitabın üçüncü hissəsi - “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” hazırlanır, bu ilin sonuna qədər çap olunması planlaşdırılır.
Akademik vurğulayıb ki, “Azərbaycan multikulturalizminin qaynaqları” seriyası çərçivəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından sonra çap olunan “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabının nəşri mənsub olduğumuz mədəniyyətin laylarını və qatlarını müasir dövrdə bütün dünyaya təqdim edir.
Azərbaycan multikulturalizmi modelinin əhəmiyyətindən danışan rektor bir sıra mövzular ətrafında dərin elmi-fəlsəfi araşdırmalar aparıldığını söyləyib: “Biz qalib xalq kimi, həm də qalib ölkənin necə bir mədəniyyətə sahib olduğunu bütün dünyaya göstərməliyik. Bu bizim bütün sahələrdə gördüyümüz işlərdə öz əksini tapmalıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasətidir. Dövlət siyasətimizin bir istiqaməti olan bu hərəkatı, prosesi bütün dünyaya çatdırmalıyıq. Hamı bilməlidir ki, Azərbaycan xalqı mənəvi cəhətdən necə zəngin bir xalqdır, multikultural əhvali-ruhiyyə onun canında və qanında necə yaşayır və Ulu Öndərimizin əsasını qoyduğu multikulturalizm hərəkatı bu gün də Azərbaycanda müxtəlif nəsilləri, zümrələri, konfessiyaları, milli icmaları özündə birləşdirir. Ulu Öndərimizin dediyi kimi, Azərbaycanda yaşayan bütün xalqların gücü bütövlükdə Azərbaycanın gücünə çevrilir. Azərbaycan multikulturalizmi ölkənin bütün ali təhsil müəssisələrində əsas fənlərdən biri kimi tədris olunur. Eyni zamanda, dünyanın 24 universitetinin tədris proqramında yer alır. İnanıram ki, təqdim etdiyimiz bu kitablar Azərbaycan multikulturalizminin, multikultural dəyərlərinin dünyaya tanıdılmasına töhfə verəcək”, - deyə akademik Kamal Abdulla qeyd edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək bizim əsas məqsədimizdir.
Rəvan Həsənov diqqətə çatdırıb ki, kitabın ərsəyə gəlməsində Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri əsas götürülüb. Kitab üç fəsildən – “Dini mətnlərdə multikulturalizm”, “Orta əsr Azərbaycan fikir tarixində multikulturalizm”, “XIX-XX əsr Azərbaycan maarifçiləri, publisistikası və multikulturalizmi” ibarətdir. Bu kitab müxtəlif dillərdə xarici universitetlərə və ictimai-siyasi dairələrə göndəriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru fəlsəfə elmləri doktoru kitabın həmmüəllifi İlham Məmmədzadə qeyd edib ki, nəşr uzun müddət aparılan elmi-fəlsəfi araşdırmaların, böyük bir zəhmətin məhsuludur: “Bu kitabda hər kəs öz bilik və bacarığını ortaya qoyub. Kitab nəfis tərtibatla, geniş elmi araşdırmalarla, müxtəlif dövrlərin elmi-fəlsəfi mənzərəsinin aydın və səlis formada əks olunması ilə fərqlənir. Tolerantlıq, şübhəsiz, multikulturalizmlə, mədəniyyətlərarası qarşılıqlı əlaqələr proseslərində iştirak etmək zərurəti ilə bağlıdır”.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru, kitabın həmmüəllifi Aqil Şirinov kitabla bağlı təəssüratlarını bölüşüb: “Azərbaycan bütün dünyaya öz haqq səsini, haqq savaşını layiqincə göstərə bildi. Azərbaycan multikulturalizmi bütün dünya xalqları və ölkələri üçün yaxşı bir nümunədir. Hesab edirəm ki, kitabda həm elmi, həm fəlsəfi, həm də dini müstəvidə aparılan araşdırmalar öz aktuallığı ilə xüsusi önəm kəsb edir. Nəşrdə qədim dövrlərdən bu günə qədər filosofların, elm adamlarının həyat və yaradıcılığı müfəssəl şəkildə əks olunub”.
Fəlsəfə elmləri doktoru, kitabın həmmüəllifi Sakit Hüseynov kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürün bildirib, atılan addımların vacibliyindən söhbət açıb. Qeyd edib ki, kitab multikultural dəyərlərin aşılanmasında, birgəyaşayışın, sülhün, müasir dünyada xalqların rifah halının yaxşılaşması yönündə bir sıra məsələləri özündə ehtiva edir.
Kitabın həmmüəllifləri Əhməd Qəşəmoğlu, Əli Fərhadov və Rəşad İlyasov fikirlərini bölüşüblər. Qeyd olunub ki, kitab Azərbaycan multikulturalizmi üçün böyük töhfə hesab olunur.
Tədbir müzakirələrlə davam edib.