İyulun 14-də Uşaq-Gənclər İnkişaf Mərkəzində ölkəmizdə səfərdə olan diaspor nümayəndələrinin iştirakı ilə “Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimatı olub.
×
İyulun 14-də Uşaq-Gənclər İnkişaf Mərkəzində ölkəmizdə səfərdə olan diaspor nümayəndələrinin iştirakı ilə “Ana dili – Azərbaycan məktəbi” layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, 20-dən çox ölkəni təmsil edən diaspor təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbir “Ana dili – Azərbaycan məktəbi”nin xaricdə yaşayan həmvətənlərimiz arasında təbliğinə həsr olunub.
Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə reallaşan “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan, müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir.
Təqdimat mərasimində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə və “Ana dili – Azərbaycan məktəbi”nin məzmun üzrə rəhbəri İlahə Hacıyeva layihə ilə bağlı tədbir iştirakçılarına virtual məktəbin fəaliyyəti, proqramın məzmunu və digər vacib məsələlərlə bağlı ətraflı məlumat verib.
Sonra diaspor təşkilatlarının rəhbərləri sualları cavablandırıb.
Qeyd edək ki, “Ana dili – Azərbaycan məktəbi”nin tədris proqramı 3 yaş qrupu üçün 3 səviyyədə (başlanğıc, orta, yüksək) ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında hazırlanıb. 2023-2024-cü tədris ilini əhatə edəcək proqram çərçivəsində virtual dərslərə bu il sentyabrın 15-dən başlanılacaq. Dərslər təcrübəli mütəxəssislər tərəfindən interaktiv təlim metodu əsasında öncədən müəyyən olunmuş qrafik (cədvəl) üzrə həftədə 2-3 dəfə olmaqla virtual öyrənmə platforması vasitəsilə onlayn qaydada təşkil ediləcək.
İyulun 7-dən etibarən başlayan qeydiyyat prosesi avqustun 12-dək http://anadili.agma.az/ platforması vasitəsilə aparılacaq.