×
İşçilərin müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi Azərbaycan Həmkarlar İttifaqlarının Konfederasiyasının prioritet vəzifələrindəndir. Bu məqsədlə Konfederasiyanın 8 sanatoriya və bir müalicə pansionatı fəaliyyət göstərir. Sanatoriyanın 6-sı ilboyu, 2-si isə mövsümi çalışır. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür şərait yaradılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Bakı şəhərindəki həmkarlar ittifaqlarına məxsus sanatoriya- kurort müəssisələrinə baş çəkərkən jurnalistlərə açıqlamasında bildirib.
Sentyabr ayının 9-da həmkarlar ittifaqlarına məxsus sağlamlıq-istirahət zonalarına gələn konfederasiya sədri səfərin sanatoriyaların fəaliyyəti, müalicə-profilaktika üçün bu müəssisələrdə istirahət edən şəxslərin şəraiti ilə yerində maraqlanmaq məqsədi daşıdığını deyib. Müvafiq sahənin həmkarlar ittifaqlarının rəhbərləri ilə reallaşan bu səfərlərdə istirahət edənlərlə aparılan söhbətlərin, müalicə və profilaktika işi ilə tanışlığın sonradan təhlil olunaraq perspektiv planlarda əks olunduğunu bildirən Səttar Möhbalıyev bu təcrübənin yararlı olduğunu diqqətə çatdırıb.
İlk olaraq, “Abşeron” mədə-bağırsaq sanatoriyasında olan AHİK sədri sanatoriyanın ərazisini gəzib, təmirdən sonrakı müalicə otaqlarına baxış keçirib, xəstələrlə söhbətləşib, onların müalicə şəraiti ilə maraqlanıb, fikir və təkliflərini öyrənib.
Yaradılmış şəraitə görə sanatoriyanın xidmətlərindən müntəzəm istifadə etdiyini deyən Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı Dünyamalı Şükürov yaradılan şəraitə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.
Mərdəkan qəsəbəsində yerləşən, hər tərəfdən park və bağlarla əhatə olunan sanatoriyada istirahətə gələnlər təcrübəli tibb personalı tərəfindən müayinə edilməklə 18 gün ərzində müntəzəm tibbi nəzarətdə olur. Sanatoriya baş həkiminin müalicə işləri üzrə müavini, Əməkdar həkim Şahin Quliyev qeyd edib ki, ötən yüzilliyin əvvəllərində Bakı milyonçuları olmuş Şəmsi Əsədullayev və Musa Nağıyevin bağ mülklərinin bərpası və yeni tikililər hesabına yaradılmış tam rahat yaşayış korpusları, tennis meydançası və geniş park istifadəçilərin xidmətindədir. Buradakı xidmətlərə yod-brom vannaları, naftalan və parafin terapiyası, təbii palçıq vasitələri müalicə prosedurları daxildir. Buranın müalicə bazası klinik-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetlərdən ibarətdir.
Məlumat verilib ki, sanatoriya mütəmadi olaraq dezinfeksiya edilir, işçilər və qonaqların gigiyena qaydalarına riayətinə ciddi nəzarət var, onlara sosial məsafə saxlanılması, qapalı məkanda qoruyucu maskalardan istifadə edilməsinin zəruriliyi izah olunur, müvafiq tövsiyələr verilir. Diqqətə çatdırılıb ki, sanatoriyaya gələnlərdən koronavirus əleyhinə 2 dozada peyvənd olunmalarını təsdiq edən “COVID-19 vaksin sertifikatı” tələb olunur.
AHİK sədri və sahə həmkarlar ittifaqı komitələrinin rəhbərləri daha sonra Abşeron yarımadasında yerləşən “Bilgəh” kardiologiya sanatoriyasında yaradılan şəraitlə tanış olub, müalicə alanlarla maraqlanıblar.
Paytaxtdan 40 kilometrlik məsafədə, Xəzər dənizinin sahilində yerləşən sanatoriya müasir diaqnostik və müayinə-müalicə aparatları ilə təchiz edilən rahat müalicə şöbəsinə malikdir. Funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, Müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana, həmçinin klinik diaqnostika və biokimya laboratoriyaları fəaliyyət göstərən sanatoriya korpusları ən son tələblərə cavab verir.
Sanatoriyada müalicə alan şəhid xanımı Gülyaz Hüseynova və Rusiya Federasiyasının Moskva vilayətindən məxsusi olaraq “Bilgəh”ə gəlmiş Olqa Davudova yaradılan imkanlardan razı qaldıqlarını bildiriblər.
Müalicə müəssisəsi ilə tanışlıqdan sonra AHİK sədri deyib: “Bu vaxtadək həmkarlar ittifaqlarına aid sanatoriyalarda yerlərin 60-70 faizində məcburi köçkünlər yerləşdirilmişdi və bu vəziyyət nəzərdə tutulan işlərin görülməsinə imkan vermirdi. Yaxın vaxtlarda dövlətimiz tərəfindən onlar üçün yaradılan şərait imkan verdi ki, yaxınlarda Şıxovdakı sanatoriya boşaldılsın. Bütün bunlara baxmayaraq, həmkarlar ittifaqı təşkilatlarının xətti ilə hər il 120 min nəfər sanatoriyaların xidmətindən istifadə edir. Onların 90 faizi sanatoriyaya göndərişin qiymətinin 15 faizini ödəməklə, 10 faiz xüsusi kateqoriyalı insanlar isə tamamilə pulsuz müalicə imkanı qazanırlar”.