×
İyunun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində müxtəlif dövlət orqanları və ictimai təşkilatların rəhbər şəxsləri, ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları və təhsil mütəxəssisləri iştirak ediblər.
Tədbirə gələn qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Daha sonra “Abituriyent” jurnalının nəşrlərinə dair sərgiyə baxış keçirilib.
Təqdimat mərasiminin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilk olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil və mütəxəssis hazırlığına xüsusi diqqət və qayğısından danışıb. Ardınca Heydər Əliyevin 2002-ci ildə ali məktəblərə yüksək balla daxil olmuş tələbələrlə görüşündən videofraqment nümayiş etdirilib.
Sədr qeyd edib ki, Mərkəzin keçirdiyi imtahanların bəziləri seçim, bəziləri isə müəyyən standartlara uyğunluğunun yoxlanılması məqsədilə təşkil olunur və 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzi tərəfindən respublikada keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə elmi-statistik təhlillər aparılır. Bu təhlillərin nəticələri hamı üçün açıqdır. Burada ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, onların əsas parametrləri əhatəli şəkildə araşdırılır, təklif və tövsiyələr irəli sürülür. Bunlardan bəziləri – “Ayrı-ayrı rayonların qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar”, “Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri”, “Kənd təsərrüfatı profilli ixtisaslar statistikada”, “Neft-qaz profilli ixtisaslar statistikada” “Abituriyent” jurnalının 12-ci nömrəsinə əlavə kimi ayrıca kitabça şəklində nəşr edilir.
DİM-in Direktorlar Şurasının sədri bildirib ki, aparılan elmi-statistik təhlillər ölkə təhsilindəki müsbət təmayülləri üzə çıxarır, eyni zamanda, təhsildəki gerilik və çatışmazlıqları da göstərir, onların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələr irəli sürür.
Daha sonra M.Abbaszadə əsas buraxılış imtahan fənləri üzrə bəzi statistik göstəriciləri diqqətə çatdırıb, DİM və digər dövlət orqanları arasında inteqrasiya məsələlərinə toxunub, Mərkəzin yeni elektron xidmətləri haqqında məlumat verib.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev cəmiyyətin tərəqqisində təhsilin vacib rolundan və bu sahənin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. E.Əmrullayev “Abituriyent” jurnalının 12-ci nömrəsinin təhsil sahəsində müzakirə aparmaq üçün əvəzsiz mənbə olduğunu bildirib və orada olan təhlillərin daha da dərin tədqiqatlara yol açmalı olduğunu və bunun sayəsində irəli gedə biləcəyimizi qeyd edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxışında aparılan elmi-statistik təhlillərin əhəmiyyəti, ali təhsil müəssisələrinə qəbul prosesi və təhsilin müasir problemlərindən bəhs edib.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlar Mərkəzin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması sektorunun müdiri Aydın Qasımov, Elektron imtahanların təşkili sektorunun müdiri Tural Dünyamalıyev və Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov tərəfindən edilən təqdimatlar vasitəsilə yazı işlərinin elektron yoxlanılması, onlayn apellyasiyaların təşkili və DİM tərəfindən təklif olunan psixoloji xidmətlər barədə məlumatlar əldə ediblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Jurnalın elektron versiyasını DİM-in saytında Fəaliyyət/Tədqiqat bölməsindən əldə etmək olar.