×
Azərbaycanda ippoterapiyadan istifadə edənlərin sayı artmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, ölkəmizdə 2022-ci ildən tətbiqinə başlanılan bu üsuldan indiyədək 1500 nəfər faydalanıb. Agentliyin reabilitasiya mərkəzlərində müalicə alan əlilliyi olan şəxslər üçün ippoterapiyanın müsbət təsirləri isə olduqca çoxdur.
İppoterapiya nədir?
AZƏRTAC xəbər verir ki, ippoterapiya animaloterapiyanın, yəni heyvanlarla aparılan müalicənin bir sahəsidir. Bu, müxtəlif xəstəliklərin müalicə, remissiya və sağalmasında sosial uyğunlaşma vasitəsi kimi tətbiq edilən müalicə növüdür.
Atlarla müalicənin iki növü var: ipponeterapiya və raytterapiya. Bunlardan birincisi atlarla təmas hesabına, ikincisi isə onların üzərində gəzinti ilə aparılan müalicədir. İppoterapiya somatik və psixi xəstələrə zədədən sonra və rekonvalessensiya dövründə bərpaedici təsir göstərmək məqsədilə həyata keçirilir. Həmin müalicə üsulu ürək-damar, həzm və digər sistem xəstəliklərinin sosial bərpası məqsədi ilə tətbiq olunur.
Atlarla müalicəvi gəzinti zamanı eyni vaxtda bütün əzələ qrupları işləyir, onların üzərində oturarkən müvazinəti itirməmək və yıxılmamaq üçün əzələlər fəal hərəkətdə olur. Atların belində oturarkən qorxu hissi yoxa çıxır, özünəinam, iradə və dözüm yaranır. Müalicə kompleks şəkildə - müalicəvi gimnastika, masaj və s. ilə aparılır. Uşaq serebral iflici zamanı spasitik sindromların azalması müşahidə edilir.
Müalicəvi bədən tərbiyəsinin bir növü sayılan atlarla gəzinti - raytterapiya zamanı simpatik sinir sisteminin stimullaşması nəticəsində bütün mübadilə prosesləri fəallaşır. Atların bədən temperaturu insandakından 1,5 dərəcə yüksəkdir və bunun nəticəsində ətraf əzələlərdə qan dövranı yaxşılaşır. Hərəki pozğunluqla müşayiət olunan sinir sistemi xəstəlikləri, inkişaf qüsurları, zədə və operativ müdaxilələrdən sonrakı bərpa prosesi, dayaq-hərəkət aparatı və daxili orqanların xəstəlikləri, sosial uyğunlaşma pozğunluqları zamanı ippoterapiya ilə müalicə olmaq məsləhət görülür.
Atlarla terapiyanın şərtləri
Ölkəmizdə ippoterapiya xidmətləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində ambulator və stasionar müalicə alan şəxslərə göstərilir. Bu zaman müraciət edən şəxslər müayinə olunur, onlarda müalicə ilə bağlı əks göstərişlərin olub-olmadığı yoxlanılır. Vətəndaşlar müalicəyə uyğun hesab edildikdə, onlarla müvafiq sənədlər imzalanır və ippoterapiyaya başlanılır.
Agentliyin əməkdaşı Pərvin Süleymanova AZƏRTAC-a bildirib ki, ippoterapiya üçün xüsusi göstərişlər olmalıdır: “Uşaqlar, yetkinlər üçün spesifik olaraq psixi inkişafın ləngiməsi, autizm spektr pozuntusu, emosional tənzimləmə, posttravmatik stres pozuntusu kimi hallarda atlar vasitəsilə terapiya çox effektivdir və müsbət nəticələr əldə edilir. İppoterapiyaya icazə 3 yaşındandır. Amma biz onların cari psixi və fiziki vəziyyətinə baxırıq. Bu terapiyadan qazilər üçün də istifadə olunur. Xüsusilə hədəf qruplarımızdan biri Vətən müharibəsinin iştirakçılarıdır”.
O qeyd edib ki, xidmət hər kəs üçün individual aparılır. Ümumilikdə isə bu proses 8-10 seans arasındadır. “Həftədə 1-2 dəfə olmaqla bir neçə dəfə davam edir. Üç il də davam edə bilər. Seansların davamlılığı şəxsin fərdi inkişaf proqramına uyğun tərtib edilir və müddətlər fərqli ola bilər”.